Bu gün:

Süni intellektdən alınan xəbərlərdə ciddi səhvlər


Avropa Yayın Birliyi (EBU) və BBC-nin apardığı yeni araşdırma göstərib ki,  süni intellekt köməkçiləri xəbər məzmunlarını tez-tez səhv təqdim ediblər. Araşdırmada ChatGPT, Microsoft Copilot, Google Gemini və Perplexity kimi platformaların 3 min fərqli xəbər sualına verdiyi cavablar yoxlanılıb. Təhlil göstərib ki, bu köməkçilər xəbərlərdə doğruluğu, mənbə göstərməsi və fikir–fakt fərqini düzgün qiymətləndirməkdə çətinlik çəkiblər.

Nəticələr göstərib ki, cavabların 45%-ində ciddi səhv, 81%-ində isə müəyyən növ problemlər aşkarlanıb. Google Gemini-də mənbə göstərmə səhvləri 72%-ə çatıb, digər platformalarda isə bu göstərici 25%-dən aşağı olub. Araşdırmada, həmçinin cavabların təxminən 20%-ində köhnəlmiş və ya yanlış məlumat olduğu müəyyən edilib. Araşdırma süni intellekt köməkçilərinin xəbər məzmunlarında məsuliyyətli və şəffaf olmasının vacibliyini göstərib. EBU süni intellekt şirkətlərini xəbər səhvlərini düzəltmək üçün eyni qaydaları tətbiq etməyə çağırıb. Ekspertlər bildiriblər ki, yanlış və etibarsız məlumat insanların xəbərlərə inamını azaldaraq demokratiyaya mənfi təsir göstərə bilər.

Mənbə: TRT HABER                                                                          

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et