Almaniyada aparılan arxeoloji qazıntılarda 13 min illik bir daşın üzərində gözlənilməz mavi pigment izləri aşkarlanıb. Bu tapıntı Paleolit dövründə rəng istifadəsinə dair mövcud elmi təsəvvürləri sarsıdıb. Mütəxəssislər mavi rəngin azurit adlı mineraldan əldə edildiyini müəyyənləşdiriblər.
Araşdırma göstərib ki, həmin dövrdə üstünlük təşkil edən qırmızı və qara pigmentlərin yanında mavi rəngin mövcudluğu sənət ənənələrinin düşündüyümüzdən daha geniş olduğunu sübut edir. Tədqiqatçılar mavi pigmentlərin o dövrdə bədən boyaması və ya geyimlərin rənglənməsi kimi tez sıradan çıxan məqsədlər üçün istifadə edildiyini ehtimal edirlər. Üzərində iz tapılan daşın isə əvvəl düşünüldüyü kimi yağ lampası yox, pigment hazırlamaq üçün istifadə olunan palet olduğu müəyyən edilib. Alimlər bu kəşfin Paleolit icmalarının rəng seçimi və mineral biliklərinə dair yeni araşdırmalara yol açacağını bildiriblər. Azurit izləri həmin dövrün rəng palitrasının əvvəlki təsəvvürlərdən xeyli geniş olduğunu göstərir. Bu nəticələr insanların kimlik və ifadə vasitəsi kimi rəngdən istifadə tarixini yenidən qiymətləndirməyə imkan yaradıb.
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
