Bu gün:

"Müasir dövrün çağırışları kibertəhlükələrin artmasına səbəb olur", - müsahibə


Kibertəhlükələr indiki dövrün aktual problemlərindən biridir. Sürətlə davam edən texniki inkişaf və dünyanın rəqəmsallaşması kiberhücum təhlükəsini qaçılmaz edir. 

24media.az-ın budəfəki müsahibi Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayevdir. O, məsələ ilə bağlı suallarımızı cavablandırıb.


- Bu gün Azərbaycanda kiberhücum təhlükəsi nə dərəcədə ciddidir? 

Ölkəmizin geosiyasi vəziyyəti və müasir dövrün çağırışları kibertəhlükələrin artmasına səbəb olur. Rəsmi xəbərlər də göstərir ki, müxtəlif kiberhücumlar davamlı şəkildə baş verir. Buna görə həm dövlət qurumları, həm vətəndaşlar, həm də şirkətlər üçün ciddi təhlükəsizlik tədbirləri görülməlidir. 

- Son illərdə Azərbaycan informasiya və kommunikasiya təhlükəsizliyini gücləndirmək üçün hansı addımlar atıb? 

Dövlət qurumları öz infrastrukturunu qorumaq üçün bir sıra tədbirlər görür. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi İdarəsi, Daxili İşlər Nazirliyi nəzdində Kibertəhlükəsizlik İdarəsinin yaradılması bu istiqamətdə atılmış addımlardandır. Bununla yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyası (AKTA) kimi qeyri-hökumət təşkilatları da maarifləndirmə və kibertəhlükəsizlik ekosisteminin formalaşması üçün fəal işləyirlər. 

- Adi internet istifadəçiləri özlərini onlayn dələduzluqdan və məlumat oğurluğundan necə qoruya bilərlər?

Dövlət müəyyən tədbirlər görsə də, vətəndaşların da kibergigiyena qaydalarına əməl etməsi vacibdir. Parolların güclü və fərqli olması, mütəmadi dəyişdirilməsi, tanımadıqları mənbələrdən gələn məktubların açılmaması kimi sadə addımlar çox önəmlidir. Eyni zamanda şəxsi məlumatların paylaşılmasında diqqətli olmaq lazımdır. 

- Rəqəmsal savadlılıq milli kibertəhlükəsizliyin təmin olunmasında hansı rolu oynayır? 

Hazırda ölkəmizdə 15-dən çox universitetdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə mütəxəssislər hazırlanır. Bu proses hər il genişlənir. Rəqəmsal savadlılıq həm mütəxəssislər, həm də adi istifadəçilər üçün vacibdir, çünki kibergigiyena qaydalarına əməl olunması ölkənin ümumi təhlükəsizliyinə töhfə verir. 

- Azərbaycanın kibertəhlükəsizlik sahəsində gələcəyini növbəti 5–10 ildə necə görürsünüz? 

Bütün dünyada kibertəhlükəsizlik qlobal problemə çevrilib və bununla mübarizə aparan qurumlar mövcuddur. Azərbaycanda da ekosistemin formalaşması vacibdir. Məktəblilərdən başlayaraq bütün yaş qruplarının maarifləndirilməsi, kadr hazırlığının gücləndirilməsi istiqamətində irəliləyişlər var. Bu inkişaf nəticəsində həm dövlət, həm özəl sektor, həm də vətəndaşlar öz məlumatlarını daha etibarlı şəkildə qoruya biləcəklər.


İbrahim Çobanlı 

Paylaş
Şərh əlavə et