Bu gün:

MDU tələbələri "Azərbaycan İES" MMC-də açıq dərsdə


Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Azərbaycan İES” (İstilik Elektrik Stansiyası) MMC arasında mövcud əməkdaşlıq çərçivəsində Energetika mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi ixtisaslarının bir sıra praktikyönümlü fənləri stansiyanın Tədris Mərkəzində keçirilir. 

Universitetdən əldə etdiyimiz məlumata əsasən, bu universitet-sənaye əməkdaşlığı nümunəsi kimi tədrisin praktiki yöndə inkişaf etdirilməsinə uyğun olaraq təşkil edilir. 

Dərsləri MDU-nun Energetika kafedrasının gənc müəllimi və stansiyanın əməkdaşı Qədir Məmmədli tədris edib. O, tələbələrə nəzəri biliklərin real istehsalat mühitində tətbiqi ilə bağlı əyani nümunələr təqdim edərək onların ixtisas hazırlığının möhkəmləndirilməsinə xüsusi diqqət göstərib.

Sənaye mühitində keçirilən dərsdə stansiyanın əməkdaşları və MDU-nun bir qrup akademik heyəti də iştirak edib, tələbələrin hazırladıqları təqdimatlar maraqla qarşılanıb. Tələbələrin istehsalat prosesi, energetik avadanlıqların işləmə prinsipləri və real əməliyyat şəraiti haqqında biliklərinin artdığı qeyd olunub. Qeyd edilib ki, AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilmiş konfransda çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, “bu gün elmlə istehsal, təhsil və sənaye birləşməli, alimlərin gördüyü tədqiqatlar real iqtisadiyyatın, ölkənin gələcəyinin inkişafına xidmət etməlidir”. Dövlət başçısı dövlət qurumlarını, universitetləri və elmi ictimaiyyəti bu istiqamətdə sıx əməkdaşlığa, elmi nailiyyətləri praktik tətbiqə - sənaye layihələrində, texnoloji və istehsal sahələrində aktiv iştiraka çağırıb. Azərbaycan IES -də baş tutan bu açıq dərs MDU-nun bu istiqamətdə fəaliyyətinin bariz nümunəsidir. 

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” MMC arasında yaradılmış bu əməkdaşlıq tələbələrin praktik bacarıqlarının inkişafına, həmçinin universitet–sənaye əlaqələrinin daha da gücləndirilməsinə mühüm töhfə verir.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et