Bu gün:

İllər sonra ortaya çıxan sənət əsəri


Oksfordşirdə bir şəxsin qarajında illərlə toz içində qalan bir tablo hərracda 750 min dollara satılaraq gündəmə çevrilib. Tablonun 15-ci əsr italyan rəssamı Pietro Vannucci (Perucino) tərəfindən çəkildiyi ehtimal olunur.


Uzun illər unudulmuş “Madonna və Uşaq” əsəri Banberidəki "JS Fine Arts" hərrac evinin saytında görünən kimi beynəlxalq kolleksiyaçılar arasında böyük maraq yaradıb. Hərrac cəmi 15 dəqiqə davam edib və gərgin mübarizədən sonra anonim alıcı əsəri £685,000-a (təxminən $750,000) əldə edib. Bu, hərrac evinin indiyədək qeydə aldığı ən yüksək məbləğdir.

Hərracçı Co Smit bildirib ki, əsərə olan maraq gözləniləndən qat-qat çox olub: “Onun xüsusi olduğuna inanırdıq, amma bu qədər böyük reaksiya gözləmirdik. Əsərin işlənmə keyfiyyəti və Renessans üslubunun zərifliyi göz oxşayırdı”,- deyə o bildirib.

Perucino Renessans dövrünün tanınmış rəssamlarından biri hesab olunur. O, Botticelli ilə birlikdə Sistin Kapellasının divarlarını bəzəyən sənətkarlardan olub və böyük ustad Raffaellonun müəllimi kimi tanınır. Raffaello sonradan daha məşhur olsa da, Perucinonun sənət dünyasına təsiri böyükdür.

Yeni alıcı əsəri konservatora göndərib. Hal-hazırda tablo üzərində araşdırmalar davam edir. Əgər orijinallığı təsdiqlənərsə, əsər dünyanın aparıcı muzeylərində saxlanılan digər Perucino işləri ilə eyni səviyyəyə yüksələcək.

Mənbə: New York Post

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et