“Red Bull Dance Your Style” dünya qalibi MTPOP: ‘Rəqs mənim üçün dilə çevrilmiş duyğudur’.
24Media.az-ın bu dəfəki qonağı “Red Bull Dance Your Style 2024” dünya finalının qalibi Vyetnamlı rəqqas MTPOP-dur. O, bizimlə, həm öz rəqs hekayəsini, həm də səhnədə emosiyaları musiqiyə çevirməyin sirrini bölüşdü.

– Rəqsin sadəcə hərəkət deyil, dünyayla danışmaq üçün bir dil olduğunu ilk dəfə nə zaman hiss etmisiniz?
Elə ilk andaca. Mənim rəqs yolum 2006-cı ildə, cəmi on yaşım olanda başladı. “You Got Served” filmini izlədiyim gün həyatım dəyişdi. Ekranda gördüyüm hərəkətlərdə qəribə bir tanışlıq hiss etdim sanki o duyğular mənə məxsus idi, içimdəki bir hiss danışmağa başladı. Uşaq vaxtı çox sakit və utancaq biri idim, fikirlərimi sözlərlə ifadə etmək mənim üçün çətin idi. Amma rəqs etdiyim anda sanki bədənim bir dil tapırdı, içimdəki sevinci, qorxunu, xəyalı, ağrını ifadə edə bilirdim. Bu, mənə inanılmaz bir azadlıq və məmnunluq hissi bəxş edirdi. O vaxt hələ hansı janrda rəqs etdiyimi belə bilmirdim. Sadəcə hər dəfə o hərəkətləri görəndə içimdə alışan bir həyəcan olurdu. Rəqs mənim üçün o andan etibarən sadəcə maraq deyil, həyatın mənası, özümü ifadə etmə forması oldu.
– Siz musiqini bədəninizlə “oxuya” bilirsiniz. Bu axın necə yaranır – spontan improvizasiyadır, yoxsa əvvəlcədən planlaşdırırsınız?
Demək olar ki, tamamilə ani hisslərə əsaslanıram. Rəqs zamanı konkret strategiyaya deyil, azad və təbii axışa üstünlük verirəm. Çünki səhnədə hər şey dəyişkəndir, əvvəlcədən qurduğun plan bir anda mənasını itirə bilər. Mənim üçün əsas olan o anın həqiqi hissidir. Musiqini əzbərləməkdə bir qədər çətinliyim var. Mahnını neçə dəfə dinləsəm də, detallarını yadda saxlamaq mənim üçün asan deyil. Amma xüsusi bir qabiliyyətim var: mahnı səslənən kimi, onu ilk dəfə eşitsəm belə, onun enerjisini dərhal hiss edə bilirəm. Bu zaman mən mahnının mənasından çox, öz hekayəmi və emosiyamı onun içinə yerləşdirirəm. Xüsusilə sözlərini anlamadığım ingiliscə mahnılarda bu, mənim üçün vacibdir, çünki insan tanımadığı hekayəni hisslə necə ifadə edə bilər ki? Ona görə də mən musiqiyə öz duyğularımı qataraq onu mənim hekayəmə çevirirəm. Rəqsdə texnikadan çox duyğuya önəm verirəm. Musiqinin ruhu məni idarə edir, hər hərəkət onun enerjisini daşıyır. Bu zaman tamaşaçı sadəcə hərəkəti görmür, hiss edir. Mənim üçün ən güclü an, musiqi və bədənin birləşib bir dilə çevrildiyi andır.
– Səhnədə sizin üçün daha önəmlisi nədir: qalib gəlmək, yoxsa tamaşaçı tərəfindən anlaşılmaq?
Ən önəmlisi özüm olmaqdır! Mənim üçün rəqs sadəcə ifadə forması deyil, dünyaya duyğularımı və fikirlərimi çatdırmağın yeganə yoludur. Rəqs hərəkətlərin ardıcıllığı deyil, bir hekayədir. Hər hərəkət, hər baxış bir hissi daşıyır. Tamaşaçının nə demək istədiyimi anlaması üçün hər şey bir-birinə bağlı və məntiqli olmalıdır. Eynilə bir filmin başlanğıcı və sonu kimi. Ən əsas olan isə səmimiyyətdir. Mənim məqsədim kimisə razı salmaq deyil, içimdə olanı olduğu kimi göstərməkdir. O zaman tamaşaçı sadəcə rəqsi izləmir, mənimlə birlikdə hiss edir. Bu, çox nadir bir əlaqədir, ifaçı və tamaşaçının ruhları bir anlıq birləşir.
– Sizcə, bu gün “street dance”in əsas gücü nədədir — azadlıqdamı, üslubdamı, yoxsa icmada?
Street dance mənim üçün sadəcə bir icma deyil, azadlığın sığınacağıdır. Burada insanlar öz həqiqi kimliklərini tapırlar. Cəmiyyətin qaydalarından uzaq, tam səmimi bir ifadə formasıdır bu. Bu, mədəniyyət çətinliklərdən, ağrılardan doğub. Amma məhz buna görə də insanları birləşdirir. İnsanlar burada bir-birini anlayır, dəstək olur, birlikdə güclənir. Rəqs mənim üçün təkcə sənət deyil, həm də şəfa vasitəsidir. O, mənfiliyi uzaqlaşdırır, pozitiv enerji yaradır. Street dance bu enerjini paylaşmağın ən gözəl yoludur. Ən əsası isə musiqi ilə duyğular arasında yaranan harmoniya. Bu, insanları mənsubiyyətindən, inanclarından, fərqlərindən asılı olmayaraq birləşdirir. Məncə, bu birliyin özü rəqsin ən möcüzəvi tərəfidir.
– Qələbədən sonra sizi daha çox nə motivasiya edir – dünyaya nəsə sübut etmək, yoxsa özünüzə?
“Red Bull Dance Your Style 2024” qalibi olmaq təkcə mənim deyil, bütün rəqqasların qələbəsidir. Bu, dünya səhnəsində rəqsin dəyərini yüksəldən bir addımdır. Mənim məqsədim hər zaman rəqqasların cəmiyyətdə daha çox tanınması, onların zəhmətinə dəyər verilməsidir. Rəqs icması bir ailə kimidir. Biz bir-birimizi dəstəkləyərək böyüyürük, öz kimliyimizi tapırıq. Mən arzulayıram ki, gələcəkdə Vyetnamlı rəqqaslar daha çox beynəlxalq səhnələrdə çıxış etsinlər. Mən inanıram ki, güclü iradə və birlik hər şeyi mümkünsüzü belə mümkün edə bilər. Kiçik başlanğıclar böyük nəticələrə gətirib çıxarır. Əsas mesajım budur: çətinliklərdən qorxmayın, hər gün inamla davam edin. Ən vacibi, davamlılıq, səbir və öz məqsədinə sadiq qalmaqdır.
Fatimə Kərimli
