“Jaïra Joy: Rəqs mənim üçün azadlığın ən dürüst formasıdır.”
“Red Bull Dance Your Style 2025” dünya qalibi Jaïra Joy 24Media.az-a müsahibəsində bugünkü nəsil rəqqasların fərqindən, səhnədə azadlıq və nəzarət balansından, eləcə də özünü sənətçi kimi yenidən kəşf etməyin yollarından danışıb.

– Sizcə, bugünkü street-dance nəsli əvvəlkindən nə ilə fərqlənir?
Məncə, bizim nəsil fərqli düşünür, xüsusilə də paylaşmaq və bir-birimizlə əlaqə yaratmaq tərzimizlə. Sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu həm ünsiyyət tərzimizi, həm də ilham mənbələrimizi formalaşdırır. Artıq biz dünyanı daha geniş və birbaşa şəkildə hiss edirik, bu da rəqsə baxışımızı dəyişir.
– Səhnədə nəzarət və azadlıq arasında balansı necə qoruyursunuz?
Son aylarda məşqçi Jenniferlə studiyada çox vaxt keçirdim. Biz həm fiziki, həm də psixoloji hazırlığa fokuslandıq. Hərəkətlərimin dəqiqliyi, ritmim və diqqətimi inkişaf etdirməyə çalışdıq ki, səhnəyə çıxanda artıq düşünməyim, bədənim özü danışsın. Və məhz o anda mən azad oluram.
– Qələbə anında daha çox nə hiss etdiniz: “mən sübut etdim”mi, yoxsa “sadəcə sevdiyimi etdim”?
Qələbə mənim üçün inanılmaz bir hiss idi
Sanki bir yuxu kimi. Bu, nəyisə sübut etməkdən çox, bütün o illərin zəhmətinin və fədakarlığının nəticəsini görmək idi. Təbii ki, qürur hissi də var idi, amma daha çox sevinc. Səhnədə olmaq, sevdiyim işi görmək, ətrafımda bu qədər istedadlı rəqqasları və tamaşaçıların enerjisini hiss etmək, bu anı mənim üçün unudulmaz etdi.
– Bəziləri deyir ki, “street style” artıq ruhunu itirir, hər şey şouya çevrilib. Siz də bunu hiss edirsiniz, yoxsa səhnə əksinə dərinləşir?
Bu fikri başa düşürəm, çünki bu gün yarışlara daha çox diqqət var və bəzən onlar şou kimi görünə bilər. Amma mən bunu müsbət tərəfdən görürəm: bu, rəqqaslara daha böyük səhnə və özlərini ifadə etmək üçün daha çox imkan yaradır. Məncə, səhnə dəyişir, təkamül keçir, amma ruh yerindədir, sadəcə fərqli formalarda, yeni təsirlər vasitəsilə özünü göstərir.
– Bu qələbədən sonra sizin üçün daha vacib nədir: statusunuzu möhkəmləndirmək, yoxsa özünüzü sənətkar kimi yenidən kəşf etmək?
Mənim üçün əsas olan inkişafdır. Bu qələbə əla bir mərhələdir, amma yolun başlanğıcıdır. Bu təcrübə mənə çox şey öyrətdi. Həm rəqs, həm intizam, həm də özüm haqqında. İndi istəyirəm öz sənətkar kimliyimin daha çox tərəfini göstərim və Oxygen komandamı harada olsam təmsil edim. Qarşıda çox həyəcanverici bir yol var və mən onu açıq ürəklə qarşılayıram.
Fatimə Kərimli
