Braziliyada dövlət çevrilişinə cəhd ittihamı ilə verilən 27 il həbs cəzasını çəkməyə başlamasına günlər qalmış keçmiş Prezident Jair Bolsonaronun həbsinin reaksiyaları davam edir.

70 yaşlı siyasətçi ev dustaqlığında olarkən bir kiçik tel ilə elektron qandalını sındırmağa çalışdığını paytaxt Brasíliada bazar günü çıxarıldığı məhkəmədə etiraf edib.
Qəbul etdiyi dərmanların səbəb olduğu "paranoya" ucbatından qandalları çıxarmağa çalışdığını iddia edən Bolsonaro bir müddət sonra ağlının başına gəldiyini söyləyib. 1 yanvar 2019-cu ildən 1 yanvar 2023-cü ilə qədər ölkəyə rəhbərlik edən Bolsonaro qaçmaq niyyətinin olmadığını da sözlərinə əlavə edib. Braziliya federal polisi, ev dustaqlığında olan Bolsonarunu şənbə günü saxlayarkən qaçma şübhəsini əsas göstərib. Keçmiş prezidentin tərəfdarlarının evinin kənarında nümayiş keçirməsinin bu ehtimalı artırdığı da bildirilib.
Bolsonaro hazırda paytaxtdakı federal polis idarəsində saxlanılır.
Braziliya Prezidenti Luiz Inácio Lula da Silva Cənubi Afrikanın paytaxtı Yohannesburqdakı G20 Liderlər Sammiti zamanı mətbuata açıqlamalar verərkən sələfindən də bəhs edib:
" O, məhkəmənin müəyyən etdiyi cəzanı çəkəcək və hər kəs onsuz da onun nə etdiyini bilir. Təxminən 2,5 il davam edən istintaqlar, ittihamlar üzrə danışıqlar və məhkəmə prosesi olub. Başqa sözlə, məhkəmə qərarını verib və qərar qətiləşib. Buna görə də əlavə edəcək başqa bir şərhim yoxdur".
ABŞ Prezidenti Donald Trampın bu hadisəyə:"Bu çox pis bir vəziyyətdir", - deyərək reaksiya verməsini şərh edən Lula da Silva bunları deyib:
"Tramp bilməlidir ki, biz suveren bir ölkəyik və məhkəmə öz qərarlarını müstəqil şəkildə verir. Burada verilən qərar etibarlıdır. Məhkəmənin qəbul etdiyi qərarla bağlı şərh vermək istəmirəm".
Ali Məhkəmənin 5 hakimindən 4-ü Bolsonaronun seçkiləri uduzduqdan sonra yerinə gələn Prezident Luiz Inácio Lula da Silvaya qarşı dövlət çevrilişinə cəhd etdiyinə dair hökm verib.
Hakimlər Bolsonaronun solçu Lula və vitse-prezident Geraldo Alckminə qarşı sui-qəsd planlarından xəbərdar olduğu qənaətinə gəliblər.
Radikal sağçı siyasətçi aşağıdakı cinayətlərdən məhkum edilib:
* Zorakılıq yolu ilə demokratik hüquq qaydasını ləğv etməyə cəhd
* Dövlət çevrilişinə cəhd
* Silahlı cinayətkar təşkilatın üzvü olmaq
* Dövlət əmlakına qarşı şiddətli dağıntı
* Qorunan milli irs ərazilərinə zərər vermə
Bütün iddiaları rədd edən Bolsonaro özünə qarşı "cadugər ovu" aparıldığını iddia edir. 2060-cı ilə qədər siyasi qadağa qoyulan liderin 2026-cı ildəki prezident seçkilərində yarışması çətin görünür. 27 il həbs cəzası alan Bolsonaronun əfv edilməsi ehtimalı da müzakirə olunur.
Mənbə: The Independent
Tərcümə etdi: Mələk Nəsirli
