Bu gün:

Kompulsiv davranışlara səbəb olan beyin dövrəsi müəyyən edilib


İsveçin Karolinska İnstitutunun tədqiqatçıları siçanlarda təkrarlanan və zorlayıcı davranışları təhrik edəcək beyin dövrəsini müəyyən ediblər. Araşdırma “Science Advances” jurnalında dərc olunub. Obsesiv-kompulsiv pozuntu (OKP) və asılılıq kimi vəziyyətlər barədə biliklərin artırılmasına töhfə verə bilər.

Yeni araşdırma həm heyvanlarda, həm də insanlarda müşahidə olunan təkrarlanan davranışların beyində hansı mexanizmlə formalaşdığını açıqlayıb. Alimlər müəyyən ediblər ki, nüvə akkumbensindən hipotalamusa, oradan isə lateral habenulaya uzanan xüsusi neyron dövrəsi davranışları “təkrar rejiminə” sala bilir.

Tədqiqatçılar optogenetika metodundan istifadə edərək bu sinir dövrəsini süni şəkildə aktivləşdiriblər. Nəticədə, siçanlarda mənfi emosional vəziyyət yaranıb və qida da daxil olmaqla mükafat əlçatan görünsə belə, heyvanlar qazıntı və qoxulama kimi eyni davranışları davamlı şəkildə təkrarlayıblar. Bu tapıntı beynin təkrarlanan davranışları necə tənzimlədiyinə dair yeni ipucları təqdim edir.

“Biz davranışı təkrar rejiminə keçirə bilən bir beyin dövrəsini müəyyən etdik. Bu tapıntı kompulsiv hərəkətlərin necə yarandığını anlamağa kömək edir. Obsesiv-kompulsiv pozuntu (OKP) və asılılıq kimi vəziyyətlərə dair daha dərin məlumatlar əldə etməyə imkan verə bilər”, – deyə tədqiqata rəhbərlik edən Karolinska İnstitutunun Neyroelm Departamentinin professoru Konstantinos Meletis bildirib. O, araşdırmanı eyni departamentin dosenti Daniela Kalvigioni ilə birlikdə aparıb.

Mənbə: MedicalXpress

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et