Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru ölkəni tərk etməyə hazırlaşdığı şübhələri səbəbilə federal polis tərəfindən paytaxt Braziliyada yerləşən villasında həbs edilib.

Federal polis qısa açıqlama verərək bildirib ki, Ali Məhkəmənin qərarı ilə ehtiyat həbs qərarı icra olunub. 70 yaşlı Bolsonaru 2019–2022-ci illərdə prezident olduğu saraydan 7 mil uzaqlıqda yerləşən federal polis bazasına aparılıb.
Bolsonaru avqustdan bəri ev dustaqlığında olub. Onun həbsi Ali Məhkəmənin hakimi Aleksandri di Morays tərəfindən əmr olunub. Hakimin sözlərinə görə, keçmiş prezidentin Braziliyada yerləşən hər hansı xarici səfirliyə qaçaraq cəzadan yayınmaq istəyi ilə bağlı şübhələr olub.
Sentyabr ayında Bolsonaru 2022-ci il seçkilərinin qalibi Luis Inasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün çevriliş planlaşdırdığı üçün 27 il 3 ay həbs cəzasına məhkum edilib. Lakin apellyasiya prosesləri səbəbindən bu hökm icra olunmayıb.
Hakim Morays bildirib ki, Bolsonarunun elektron ayaq izləyicisi gecə saat 12:08-də qırılıb, bu isə onun qaçmağa cəhd etdiyini göstərib. Morays həmçinin qeyd edib ki, Bolsonaru ABŞ səfirliyinə cəmi 15 dəqiqəlik məsafədə yaşayır və bu, qaçış ehtimalını artırıb.
Bolsonarunun hüquqşünasları həbslə bağlı qərardan narazılıq bildirərək onun səhhətinin həssas olduğunu, saxlanıldığı şəraitin isə risk yaratdığını deyiblər və qərara apellyasiya ediləcəyini açıqlayıblar.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
