Bu gün:

Marjorie Taylor Greene Epstein sənədləri ilə bağlı qalmaqaldan sonra Konqresi tərk edəcəyini açıqlayıb


ABŞ-də sabiq prezident Donald Trampın ən yaxın tərəfdarlarından biri kimi tanınan Respublikaçı konqresmen Marjorie Taylor Greene gözlənilməz şəkildə istefa verəcəyini bəyan edib.

Gürcüstan ştatından seçilən Greene uzun müddətdir mərhum cinsi cinayətkar Cefri Epsteynlə bağlı bütün sənədlərin açıqlanması üçün israrlı çağırışları və Trampın bəzi siyasətlərini tənqid etməsi səbəbilə ABŞ prezidenti ilə açıq qarşıdurmaya girmişdi.

Trampın onu “xain” adlandırmasından sonra Greene videomüraciətində istefasını elan edərək deyib: “Mən dözülməz münasibətə səssiz qalaraq hər şeyin yoluna düşəcəyinə ümid edən ‘əzilən qadın’ olmayacağam”. 

Tramp ABC News-a müsahibəsində onun istefasını “ölkə üçün əla xəbər” adlandırıb. Daha sonra Truth Social-da yazıb: “Nədənsə, əsasən də onun bitib-tükənməyən zənglərinə cavab vermədiyim üçün Marjorie pis yola düşdü. Buna baxmayaraq, ona xidmətinə görə təşəkkür edirəm”. 

Greene sosial şəbəkələrdə paylaşdığı açıqlamada Konqresi 5 yanvar 2026-cı ildə tərk edəcəyini bildirib.

O deyib ki, prezidentin dəstəklədiyi Respublikaçı rəqiblə qarşıdurma yaşanmasının onun seçki dairəsini zədələməsini istəmir: “Prezidentimizlə birlikdə uğrunda mübarizə apardığımız dəyərlər naminə, öz partiyam içində yaralayıcı və nifrət dolu bir praymeriyə səbəb olmaq istəmirəm”. 

Marjorie Taylor Greene, Epsteyn sənədlərinin açıqlanması ilə bağlı ən səs-küylü çağırış edən siyasətçilərdən biri idi. Bu məsələ bir vaxtlar Tramp və onun elektoratının birləşdiyi nöqtə olsa da, son aylarda ciddi fikir ayrılığına çevrilmişdi.

Tramp isə bu mövzunun “siyasi rəqiblərinin gündəmi dəyişmək üçün uydurduğu diqqət yayındıran məsələ” olduğunu iddia edirdi.

Greene istefa məktubunda yazıb:

“14 yaşında zorlanan, insan alverinə məruz qalan və zəngin, nüfuzlu kişilər tərəfindən istismar olunan amerikalı qadınların hüquqları uğrunda danışmaq mənim prezident tərəfindən ‘xain’ adlandırılmağıma səbəb olmamalı idi”. 

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et