Bu gün:

Dərs oxuma motivasiyası necə yaranır?


Motivasiya gəlir və gedir. Öyrənmək üçün motivasiyanızı necə artıra və qoruya biləcəyinizi öyrənin.

Motivasiya və təhsil


Motivasiya bizə enerji verir, yaxşı hiss etdirir və işlərimizi görməyə sövq edir. Lakin motivasiya hər zaman öz-özünə yaranmır. Hər birimiz bəzən dərs oxumağa başlamaqda, tapşırıqları yerinə yetirməkdə və ya imtahanlara hazırlaşmaqda çətinlik çəkdiyimiz dövrlər yaşayırıq. Bu, xüsusilə motivasiya zəif olanda hiss olunur.


Motivasiyanı artırmaq üçün təsirli strategiyalar


Xoşbəxtlikdən, oxuyarkən motivasiyanı gücləndirmək və davam etdirmək üçün bir çox effektiv üsul mövcuddur.


“Niyə?” sualına yenidən qayıdın


Motivasiya tapmağın ən güclü yollarından biri təhsil almağı nəyə görə seçdiyinizi özünüzə xatırlatmaqdır. Bunun üçün:

        Bu ixtisası seçməyinizin 3 əsas səbəbini yazın və onları görünən yerə yapışdırın;

        Öz dəyərlərinizin siyahısını tərtib edin və vaxtaşırı nəzərdən keçirin;

        Özünüzün gələcəkdəki versiyasını təsəvvür edin, dərəcənizin sizə hansı fərdi və peşəkar imkanlar yaradacağını düşünün. Məsələn: “Statistikanı bəyənmirəm, amma bu bacarığı öyrənsəm, keyfiyyətli tədqiqatlar apara biləcəyəm”. 


Sizi daha çox hansı motivasiya növünün hərəkətə gətirdiyini müəyyən edin

        Müsbət motivasiya – hərəkət etdikdən sonra əldə edəcəyiniz faydalara yönəlir.

Məsələn: “Bu esseni yazaraq gələcək işimdə lazım olacaq biliklər qazanıram”

        Mənfi motivasiya – hərəkət etmədikdə yaranacaq nəticələrə diqqət edir.

Məsələn: “Bu tapşırığı etməsəm, qiymətim düşə bilər”. 


Hər iki motivasiya növü müxtəlif situasiyalarda effektiv ola bilər. Lakin, adətən, müsbət motivasiya daha davamlı olur, çünki bizi qorxu ilə deyil, məqsədlə irəli aparır.


Motivasiya gəlməsini gözləməyin, hərəkət edin


Çoxları düşünür ki, bir işə başlamaq üçün əvvəlcə motivasiya lazımdır. Araşdırmalar isə bunun əksini göstərir:

Hərəkət motivasiya yaradır və onu artırır.


Yəni özünüzü hazır hiss etməsəniz belə, kiçik bir addım atın, motivasiya ardınca gələcək.


Sizi həvəsləndirən məqsədlər qoyun


Doğru şəkildə qoyulan məqsəd həm motivasiya, həm də davamlılıq yaradır.

        Böyük tapşırıqları kiçik addımlara bölün.

“Esseni yaz” əvəzinə “1 məqalə oxu və giriş üçün 2 əsas fikir qeyd et”.

        Aydın və ölçülə bilən məqsədlər müəyyən edin.

        Realist olun.

Özünüzə “növbəti 1 saatda real olaraq nə edə bilərəm?” sualını verin.


Bu, həm yüklənmə hissini azaldır, həm də başlanğıcı asanlaşdırır.


Sizi ruhlandıran iş mühiti yaradın


Hər kəs üçün ideal öyrənmə mühiti fərqlidir:

        Bəziləri sakitlikdə oxuyur, bəziləri isə mühit dəyişikliyinə ehtiyac duyur;

        Kitabxana, kafe və ya evdə yeni bir künc sınaya bilərsiniz;

        İnstrumental musiqi, Pomodoro metodu kimi üsullarla təcrübə edin.


Əgər sosial öyrənmə sizə yaxşı təsir edirsə, oxu qrupu və ya diqqəti yayındırmayan dostlarla birlikdə oxumaq kömək edə bilər.


Balans yaradın və özünüzə yaxşı baxın

        Kiçik uğurları qeyd edin. Tapşırıqdan sonra özünüzə kiçik bir fasilə və ya mükafat verin.

        Özünə qayğıya vaxt ayırın. 

Yuxu, dincəlmək, musiqi, idman və dostlarla vaxt keçirmək beyninizi yenidən enerjiləndirir. Bu, öyrənmə prosesini xeyli asanlaşdırır.


Növbəti nə edə bilərsiniz?

        Əgər motivasiya çatışmazlığı sizdə süründürməçiliyə səbəb olursa, onunla mübarizə yollarını öyrənə bilərsiniz;

        Akademik bacarıqlarınızı inkişaf etdirmək üçün resurslara və təlimlərə baxa bilərsiniz;

        Lazım gələrsə, akademik məsləhətçilərlə görüş təyin edə bilərsiniz.


https://services.unimelb.edu.au/counsel/resources/study-related-issues/motivation-to-study


Mənbə: Services.unimelb edu au 

Tərcümə etdi: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et