Azərbaycan İqtisadiyyat Nazirliyinin verdiyi məlumata istinadən, 24media.az xəbər verir ki, iqtisadiyyat nazirliyi və Dünya İqtisadi Forumu arasında əməkdaşlıq çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib. 4SİM-in təşkil etdiyi tədbirdə əmək bazarının dəyişən tələbləri, insan kapitalının inkişafı və gələcəyin bacarıqları müzakirə olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin gənclərin peşə hazırlığının gücləndirilməsi və əmək bazarında tələb-təklif balansının yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu təşəbbüsün bacarıqların yenilənməsinə böyük töhfə verdiyini bildirib.
SOCAR prezidenti Rövşən Nəcəf və PASHA Holding-in baş icraçı direktoru Cəlal Qasımov rəqəmsal savadlı kadrların, xüsusilə fintek, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində bacarıqlı mütəxəssislərin vacibliyini qeyd ediblər.
DİF nümayəndəsi Neil Alison proqramın başlanmasını Azərbaycanın iqtisadiyyatın diversifikasiyası yolunda mühüm addım kimi dəyərləndirib və “Gələcəyin Peşələri 2025” hesabatının nəticələrini təqdim edib.
Layihə Dördüncü Sənaye İnqilabı dövründə bacarıqların artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılmasını hədəfləyir. Təşəbbüsün icrasını 4SİM koordinasiya edəcək. Tədbirin sonunda “4Sİ Akademiyası – Milli Proqram” iştirakçılarına sertifikatlar təqdim olunub.
Asiya Zeynallı
