ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını “NATO-ya üzv olmayan mühüm müttəfiq” kimi tanıdıqlarını və iki ölkə arasında “strateji müdafiə" sazişi imzaladıqlarını bildirib.
ABŞ Prezidenti Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Səlimanın şərəfinə Ağ Evdə verdiyi axşam yeməyində iki ölkə arasındakı münasibətlərin bu səfərlə daha da gücləndiyini vurğulayıb. Tramp çıxışında tədbirdə iştirak edən bəzi mühüm şəxsləri xatırladıb və hazırda Səudiyyə Ərəbistanında oynayan məşhur futbolçu Kristiano Ronaldoya qatıldığı üçün xüsusi təşəkkür edib.
ABŞ Prezidenti Səudiyyə Ərəbistanının ABŞ-yə 1 trilyon dollarlıq investisiya vədinə görə Məhəmməd bin Səlimana təşəkkür edib.
İki ölkə arasında müdafiə və hərbi sahədə imzalanan əməkdaşlıq sənədlərinə toxunan Tramp deyib: “Bunu burada ilk dəfə açıqlayıram. Səudiyyə Ərəbistanını rəsmi şəkildə NATO-ya üzv olmayan mühüm müttəfiq kimi tanıyırıq. Bu onlar üçün çox önəmli addımdır.”
Tramp Səudiyyə Ərəbistanının ABŞ-dən təxminən 140 milyard dollarlıq silah, sursat və müdafiə xidmətləri satın alacağını, bunun minlərlə amerikalı üçün yeni iş yerləri demək olduğunu bildirib və bu investisiya vədindən məmnunluğunu ifadə edib. Prezidentin sözlərinə görə, milyardlarla dollarlıq yeni silah alışları hər iki ölkəni daha təhlükəsiz edəcək və Səudiyyə krallığının Yaxın Şərqdə sabitliyin əsas dayaqlarından biri kimi rolunu möhkəmləndirəcək .
Mənbə: TRT Haber
Tərcümə etdi: Mina Yadigarlı
