24media.az Azərtac-a istinadən bildirir ki, Sentyabr təqdimatında “iPhone Air”i nümayiş etdirən dizayner Abidur Çouduri “Apple” şirkətindən ayrılaraq süni intellekt sahəsində fəaliyyət göstərən startapa keçib.
“Apple” sentyabr ayında yeni “iPhone Air” modelinin təqdimatı üçün Çoudurini seçmişdi. Təqdimatda cihazın hazırlanma prosesi və funksiyalarını əks etdirən təxminən iki dəqiqəlik videoçarx nümayiş olunmuşdu. “Bloomberg” qeyd edir ki, yeni cihazın təqdimatı şirkətin əməkdaşları üçün “mühüm tapşırıq” sayılır.
“Apple” nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Çouduri “Apple” şirkətində altı ildən artıq çalışıb. O, 2019-cu ildə baş dizayner Coni Ayvın vəzifəsini tərk etməsindən sonra şirkətə qoşulmuşdu. Agentlik bildirir ki, Çoudurinin gedişi “iPhone Air” modelinin aşağı satış göstəriciləri ilə bağlı deyil.
Bundan əvvəl, noyabr ayında “Financial Times” yazmışdı ki, “Apple”ın Direktorlar Şurası və ali rəhbərliyi Tim Kukun baş icraçı direktor vəzifəsindən gedişinə hazırlığı intensivləşdirib və onu əvəz edəcək əməkdaş axtarır. Qəzetin mənbələrinin sözlərinə görə, ən real namizəd şirkətin aparat təminatı üzrə baş vitse-prezidenti Con Ternus hesab olunur. Hələlik yekun qərar verilməyib.
Turqut Ansari
