Psixologiya ― sosial bağlılıqdan tutmuş beyin və sinir sistemi pozğunluqlarına (nevrologiya) qədər çox geniş sahəni əhatə edir. Bu sahəyə ilk addımlarını atan, universitetə hazırlaşan və ya Oksford yay məktəbi proqramına qoşulmazdan əvvəl biliklərini dərinləşdirmək istəyən hər bir tələbənin mütləq oxumalı olduğu on psixologiya kitabını bir araya gətirdik. Bu kitabların hər biri sizin düşünmə tərzinizi genişləndirəcək, psixologiyaya baxışınızı zənginləşdirəcək.

1. Arvadını papaq zənn edən adam və digər klinik hekayələr - Oliver Saks
Bu klassik əsərdə Saks nevroloq kimi təcrübəsində rastlaşdığı qeyri-adi və maraqlı klinik halları təsvir edir. Kitabın adı vizual aqnoziya sindromundan əziyyət çəkən, arvadını papaqla səhv salan bir xəstənin hekayəsindən gəlir. Saks öz ayağını tanıya bilməyən xəstədən tutmuş başqa nevroloji pozuntulara qədər insan beynində nələrin səhv gedə biləcəyini heyrətləndirici dildə izah edir. Bu kitab insan şüurunun dərinliklərini anlamaq üçün əla seçimdir.
2. Psixopat testi: Dəlilik sənayesinə səyahət - Jon Ronson
Ronson bu kitabda yüksək səviyyəli CEO və siyasətçilərin psixopat olub-olmadığını araşdırarkən apardığı səyahətləri təsvir edir. O, psixopatlar, onların psixoloqları və Bob Hare tərəfindən hazırlanmış məşhur Psixopat Testi haqqında geniş məlumat təqdim edir. Bu kitab psixopatlıq anlayışına fərqli bir rakursdan baxmağa imkan yaradır.
3. Beyindəki Xəyallar: İnsan Ağlının Sirlərini Tədqiq Etmək - V.S. Ramachandran və Sandra Blakeslee
Bu əsər fantom əza kimi müxtəlif nevroloji pozğunluqları araşdıran möhtəşəm nümunələr təqdim edir. Müəlliflər bu kimi halların beynin quruluşu və funksiyası haqqında nələri üzə çıxardığını izah edir. Kitab, beynin dünya və özümüz haqqında qavrayışımızı necə formalaşdırdığını anlamağa yardım edir.
4. Populyar Psixologiyanın 50 Möhtəşəm Mifi - Scott O. Lilienfeld və digərləri
Bu kitab psixologiyada geniş yayılmış, lakin elmi əsasları olmayan 50 məşhur yanlış düşüncəni ifşa edir. Müəlliflər oxucuları tənqidi düşünməyə təşviq edir və “sağlam məntiq” kimi qəbul edilən bir çox ideyanın əslində elmi baxımdan doğru olmadığını göstərir. Hər kəsin oxuması gərəkən maarifləndirici bir əsərdir.
5. Dil Instinkti: Ağıl Dili Necə Yaradır - Steven Pinker
Pinker bu kitabda dilin insanlara təbii şəkildə verilmiş instinkt olduğunu müdafiə edir. O, dili ünsiyyət üçün təkamüllə formalaşmış bir mexanizm kimi təqdim edir və dilin daxili qrammatikasını izah edən çoxsaylı nümunələr gətirir. Dil psixologiyası və dilçiliklə maraqlananlar üçün mükəmməl başlanğıc nöqtəsidir.
6. Təxminən İrrasional - Dan Ariely
Ariely davranış iqtisadiyyatına əsaslanaraq insanların əslində nə dərəcədə irrasional davrandığını göstərir. Sosial normalar, gözləntilər, duyğular və digər amillərin qərarverməyə necə təsir etdiyini izah edir. Kitab oxucuya həm öz davranış səhvlərini tanımağı, həm də onları azaltmağı öyrədir.
7. Düşünmək, Sürətli və Yavaş - Daniel Kahneman
Kahneman düşüncənin iki sistemi – intuitiv (Sistem 1) və məntiqi (Sistem 2) arasında əlaqəni təsvir edir. Bu əsər sosial və koqnitiv psixologiyada aparılmış araşdırmaların dərin xülasəsi olmaqla yanaşı, insanların necə düşündüyünü başa düşmək üçün ən vacib mənbələrdən biridir.
8. Bad Science - Ben Goldacre
Psixologiyadan daha geniş sahəni – elmdə rast gəlinən yanlışlıqları araşdıran kitabdır. Goldacre medianın elmi məlumatları təhrif etməsini, əczaçılıq şirkətlərinin statistikadan sui-istifadəsini və homeopatiya kimi elmi əsasları olmayan metodların geniş yayılmasını tənqid edir. Oxuması asan, eyni zamanda maarifləndiricidir.
9. Görünməz Qorilla - Christopher Chabris və Daniel Simons
Kitab diqqətin məhdudiyyətlərini izah edir və insanların bir şeyə fokuslandıqda digər vacib elementləri necə qaçırdıqlarını göstərir. Məşhur “görünməz qorilla” təcrübəsi bu fenomenin ən tanınmış nümunəsidir. Əsər diqqət və qavrayış haqqında düşünməyə vadar edir.
10. Təsir: Elm və Təcrübə - Robert Cialdini
Cialdininin bu əsəri inandırma və təsir mexanizmlərinin altı əsas prinsipini izah edir. Kitab həm insanları daha yaxşı başa düşmək, həm də gündəlik həyatda manipulyasiyalardan qorunmaq üçün əla bələdçidir.
Mənbə: Oxfordscholastica
Tərcümə edən: Aişə Əlizadə
