Bu gün:

Balakəndə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Balakən rayonunun kəndlərində qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər.

Agentliyin Gəncə–Daşkəsən, Mərkəzi Aran, Quba–Xaçmaz, Lənkəran–Astara, Abşeron–Xızı və Şəki–Zaqatala regional bölmələrindən ezam olunan əməkdaşlar Balakən rayonunun Poştbinə və Çorçorbinə kəndlərində monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı payız aylarında fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu dövrdə zərərverici əsasən qışlama məqsədilə yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.

AQTA əməkdaşları sakinlərlə birlikdə 100-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim edilib. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri də tədbirlərə dəstək göstəriblər. Görülən tədbirlər nəticəsində xeyli sayda zərərverici məhv edilib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et