
Hörmətli Mingəçevir şəhərinin sakinləri, dəyərli həmkarlar və əziz tələbələr!
Mingəçevirin şəhər günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm sağlamlıq, rifah və uğurlar arzulayıram.
Azərbaycanın mühüm sənaye, elm və mədəniyyət mərkəzlərindən biri olan Mingəçevir bu gün dinamik inkişafı, abadlığı və müasir siması ilə ölkəmizin ümumi tərəqqisinə layiqli töhfə verir.
Mən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 9 aprel tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunduğum gündən etibarən bu şəhərin özünəməxsus ruhunu, mehriban insanlarını və böyük potensialını yaxından hiss etmişəm. Mingəçevirin təbiəti, memarlığı və intizamlı şəhər mühiti burada yaşayan hər bir vətəndaşın doğma yurduna olan sevgisinin bariz göstəricisidir.
Mingəçevir Dövlət Universiteti olaraq biz də bu gözəl şəhərin ictimai, elmi və mədəni həyatında fəal iştirak etməyi, şəhərin inkişafına və gənclərin hərtərəfli formalaşmasına töhfə verməyi əsas vəzifələrimizdən biri hesab edirik. Əminəm ki, birgə səylərimiz nəticəsində Mingəçevir həm təhsil, həm də sosial-iqtisadi sahədə yeni uğurlara imza atacaq.
Bir daha Mingəçevir şəhərinin bütün sakinlərini bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, şəhərimizin davamlı inkişafı naminə hər birinizə yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Anar Nazim oğlu Eminov
Rektor
Mingəçevir Dövlət Universiteti
