Müasir dövrdə texnologiyanın sürətli inkişafı insanların gündəlik həyatına, diqqət səviyyəsinə və qavrama davranışına ciddi təsir göstərir. Artıq sosial şəbəkələr sadəcə vaxt keçirtmə vasitəsi deyil, kimlik və xoşbəxtlik anlayışımızı belə formalaşdıran əsas platformalara çevrilib. Məsələ ilə bağlı 24media.az saytı olaraq, ailə və uşaq psixoloqu Aynur İsmayılova ilə söhbətləşdik.

– Müasir həyatın sürəti və texnologiyanın inkişafı qavrama davranışımızda hansı real dəyişikliklərə səbəb olub?
Müasir həyatımız texnologiyadan asılı olduğu kimi insanlar da artıq sosial şəbəkələrə və telefona ciddi şəkildə bağlıdır. Bu bağlılıq təkcə uşaqlarda deyil, böyüklərdə də diqqət əskikliyinin artmasına gətirib çıxarır. Texnologiya inkişaf etdikcə işlərimiz asanlaşır, bir dəqiqə ərzində bir neçə sosial şəbəkədə ola bilir və bir neçə işi eyni anda görməyə çalışırıq. Beynimiz bu sürətə uyğunlaşır və nəticədə real həyata adaptasiya çətinləşir. Yəni biz telefonun sürətinə alışırıq, real qavrama davranışlarımız isə zəifləyir. Diqqət əskikliyi artdıqca qərarvermə, düzgün seçim etmək və qavrama davranışı da pozulur. Əgər telefon istifadəsinə limit qoysaq, detoks etsək, həm diqqətimiz, həm də qavrama qabiliyyətimiz daha sağlam şəkildə inkişaf edər.
– Sosial şəbəkələrin təsiri ilə insanların özlərini dəyərləndirməsi niyə daha çox maddi göstəricilərə bağlanır? Bu, kimlik və xoşbəxtlik anlayışını necə dəyişib?
Sosial şəbəkələrin insanlara təsiri çox güclüdür. Orada insanlar özlərinə ‘kumir’ seçir, həmin şəxslərin maddi və mənəvi həyatını bilmədən onlara heyran olurlar. Bu zaman fərqində olmadan onlarda psixoloji asılılıq yaranır. Şəxsin özünün xoşbəxtlik anlayışı belə olmaya bilər, amma izlədiyi insanın həyat tərzi, davranışı, münasibətləri onun üçün ideal olur. Beləliklə, insan öz kimliyindən uzaqlaşır, real xoşbəxtlik anlayışını itirir və başqalarının həyatını təkrarlamağa başlayır.
Fatimə Cabbarlı
