OpenAI ChatGPT-ni yeni nəsil GPT-5.1 modeli ilə yenilədiyini açıqlayıb. Şirkət bu yeniləmənin daha isti ünsiyyət tonu və daha gücləndirilmiş analitik qabiliyyət təqdim etdiyini bildirib. Yeni model ilkin mərhələdə ödənişli istifadəçilər üçün əlçatan olacaq.

GPT-5.1 iki əsas istifadə rejimi “Instant” və “Thinking” ilə təqdim edilir. “Instant” versiyası göstərişləri daha dəqiq anlayan, sürətli və axıcı cavablar verən gündəlik istifadə üçün optimallaşdırılmış modeldir. “Thinking” rejimi isə mürəkkəb sualları daha dolğun analiz edən, daha aydın və texniki yüklənmədən uzaq cavablar yaradan inkişaf etmiş variant kimi tanıdılır. OpenAI bildirib ki, GPT-5.1 həm məlumat emalında, həm də istifadəçi ilə ünsiyyətdə əvvəlki versiyalara nisbətən nəzərəçarpacaq dərəcədə təkmilləşdirilib. Yeni “instruction following” mexanizmi istifadəçilərə cavabları daha dəqiq istiqamətləndirmək imkanı verib. Şirkət modelin daha empatik və daha çevik davranışı ilə daha yaxın və daha təbii söhbət mühiti yaratdığını vurğulayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
