24media.az Azərtac-a istinadən bildirir ki, Noyabrın 6-dan 12-dək Amerika Birləşmiş Ştatlarında “Dünya Alimləri Kuboku” (“World Schoolar’s Cup”) Beynəlxalq Olimpiadasının final mərhələsi olan çempionlar turniri keçirilib.
70-ə yaxın ölkənin nümayəndələrinin qatıldığı çempionlar turnirində ölkəmizi Avropa Azərbaycan Məktəbinin 14 nəfərdən ibarət komandası təmsil edib. Şagirdlər bu il Bakı, eləcə də Dubay və Malayziyada keçirilən qlobal raundlar daxil olmaqla bir neçə mərhələdən keçərək bu akademik tədbirdə iştirak üçün vəsiqə qazanıblar.
Azərbaycan komandası noyabrın 6-sı Yel Universitetində keçirilən turnirin açılış mərasimində, habelə Massaçusets və Harvard Universitetlərinə səfərlərdə iştirak edib.
Avropa Azərbaycan Məktəbinin olimpiada koordinatoru Gülzar Abbasbəyli olimpiadanın bir çox raundlarında uğurlu nəticə əldə edərək finala vəsiqə qazanan azərbaycanlı şagirdlər üçün ABŞ-a səfər etmək, eləcə də buradakı nüfuzlu universitetləri ziyarət etməyin həvəsləndirici rolu və onların gələcək təhsil planlamaları baxımından əhəmiyyətindən bəhs edib. Şagirdlərin uğurlarının ümumilikdə ölkəmizin, eyni zamanda Avropa Azərbaycan Məktəbi üçün xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Turqut Ansari
