“Arsenal”ın hücumçusu Bukayo Saka bildirib ki, Premyer Liqanın lideri olmalarına baxmayaraq, komanda xarici təzyiqləri qulaqardına vurmalı və ayaqları yerə möhkəm basmalıdır. London təmsilçisi 11 turdan sonra turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb, ən yaxın izləyicisi “Mançester Siti” isə 4 xal geridədir.
Mikel Artetanın komandası bu mövsüm indiyədək cəmi 5 qol buraxıb. Son turda isə “Arsenal” səfərdə “Sanderlend”lə 2:2 bərabərə qalıb. Saka çempionluq şansları barədə bunları deyib:
"Biz hər oyunu qazanmaq üçün meydanda oluruq, əsas məqsədimiz budur və mövsüm sonunda bunun bizi haraya gətirəcəyinə baxacağıq. İnsanların nə dediyinə qapılmaq olmaz, çünki bir gün bir cür danışırlar, sabah isə tam fərqli. Fikirlər hava kimi dəyişkəndir. Ən vacibi isə öz aramızda olan inam və birlikdir".
Qeyd edək ki, “Arsenal” son üç mövsümdə çempionluğu əldən verib. 2022–23 və 2023–24 mövsümlərində ikinciliklə kifayətlənən komanda, ötən mövsüm isə daha da geri qalıb. “Arsenal” növbəti turda - noyabrın 23-də, milli oyunlar fasiləsindən sonra beşinci pillədə olan əzəli rəqibi “Tottenhem”i qəbul edəcək. Bukayo Saka isə hazırda İngiltərə millisinin heyətində Dünya Çempionatının seçmə mərhələsində çıxış etməyə hazırlaşır. İngilislər artıq ardıcıl 6 qələbə ilə qrup liderliyini təmin edərək, gələn il Şimali Amerikada keçiriləcək mundiala vəsiqəni təmin ediblər.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
