Bu gün:

Sosial medianın gözəllik qavrayışına təsiri


Bu gün sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Platformalar bir çox üstünlüklər təqdim etsə də, bəzən ciddi psixoloji və sosial çətinliklərə səbəb ola bilir. Xüsusilə sosial medianın formalaşdırdığı gözəllik qavrayışı, yeniyetmə qızların özünə münasibətinə mənfi təsir göstərməsi ilə diqqət çəkir.

Yeniyetməlik dövrü fərdin öz kimliyini formalaşdırdığı, özünü və bədənini tanıdığı mühüm mərhələdir. Bu dövrdə sosial mühitə uyğunlaşma gənclər üçün həlledici rol oynayır. Ailə, dost çevrəsi və sosial media bu prosesin əsas təsir qüvvələrindəndir. Sosial mediada məşhur olanlar, modellər və influenserlər isə çox vaxt yeniyetmə qızlar üçün nümunəyə çevrilir. Onların görünüşü, geyim tərzi və həyat forması gənclərin gözəllik anlayışını formalaşdırır.


Sosial Medianın Təsirinin Psixoloji Tərəfi


“Rəqəmsal Media və Uşaqlar” layihəsi çərçivəsində bu mövzunu Ekspert Klinik Psixoloq İrem Erdoğanilə müzakirə etdik. O bildirir ki: “Sosial medianın faydaları danılmaz olsa da, xarici görünüş müqayisəsi və onun yaratdığı rəqabət mühiti toksikdir. Qeyri-real gözəllik standartları ən çox yeniyetmə qızlara təsir edir. Bədən imicinin təhrif olunması, özünə inam və özünə hörmət problemləri sosial mediaya sərf edilən vaxtla birbaşa əlaqəlidir.”


Araşdırmalara əsasən, sosial mediada gözəlliyin ideallaşdırılmış təsvirlərinə məruz qalmaq yeniyetmələrdə bədən dismorfiyası, yemək pozğunluğuözünə inamın azalması kimi problemlərə yol aça bilər. “Niyə mən ona bənzəmirəm?” düşüncəsi gənclərin özlərini olduğu kimi qəbul etməsini çətinləşdirir. Bu səbəbdən ailələr, müəllimlər, eləcə də böyük sosial media platformalarına sahib olan şirkətlər və kontent yaradıcısı şəxslər üzərinə ciddi məsuliyyət düşür.


Statistik Faktlar


Unilever-in 2021-ci ildə apardığı araşdırmaya görə:

10–15 yaşlı qızların 80%-i ən azı bir dəfə sosial mediada paylaşmadan əvvəl filtrlərdən istifadə etdiyini bildirib;

69%-i şəkillərini redaktə etmədən paylaşmadığını deyib;
Hər 5 qızdan biri şəkillərini redaktə etdikdən sonra öz görünüşünü bəyənməyə başlayıb.

Bu nəticələr göstərir ki, sosial media yeniyetmələrin öz bədənlərinə baxışını dəyişdirir və özünə hörmət hissinə birbaşa təsir göstərir.


Sosial şəbəkələrdə təqdim edilən gözəllik çox vaxt reallıqdan uzaq obrazlar üzərində qurulub. Gözəllik sənayesinin yaratdığı “ideal bədən tipi” anlayışı müxtəlif kosmetik prosedurlar və foto-redaktə vasitələri ilə süni şəkildə möhkəmləndirilir.


Bu cür görüntülərə yönələn bəyənmələr və şərhlər yeniyetmə qızların həmin idealı öz bədənləri ilə müqayisə etməsinə səbəb olur. Nəticədə, bu, özünə hörmətin azalması, depressiya və bədən imicində pozğunluqlarla nəticələnə bilər.


Rəqəmsal Platformalarda Stereotiplərin Güclənməsi


Psixoloq və tədqiqatçı köməkçisi Janset Özdemir bu barədə deyir:
“Rəqəmsal platformalar vasitəsilə gücləndirilmiş bədən imici və normativ gözəllik standartları yeniyetmələrin bədənlərindəki dəyişiklikləri mənimsəmələrini çətinləşdirir. Bu, filtrlər, kamera hiylələri və estetik əməliyyatlarla formalaşan ‘mükəmməl’ bədən idealına gətirib çıxarır.”

Onun fikrincə, bu proses yemək davranışlarında dəyişikliklər, əhval pozğunluqları və həmyaşıdlar arasında zorakılıq hallarını artırır. Əldə olunması çətin olan bu ideal standartlar gəncləri erkən yaşdan gözəllik mərkəzli istehlaka yönəldə bilər.


Gələcək üçün Təkliflər və Məsuliyyətlər


Psixoloq Janset Özdemir əlavə edir:

“Gender bərabərsizliyi və sosial təzyiqlər qızlar üzərindəki mövcud gərginliyi sistematik şəkildə dərinləşdirir. Buna görə də siyasətçilər, vətəndaş cəmiyyəti, valideynlər və pedaqoqlar birgə şəkildə qızları internetdən uzaqlaşdırmadan, amma onları qoruyan və gücləndirən həllər hazırlamalıdırlar.”

Onun sözlərinə görə, qızların onlayn vaxtlarını özlərini ifadə edə və inkişaf etdirə biləcəkləri təhlükəsiz rəqəmsal məkanlarla dəstəkləmək hər birimizin məsuliyyətidir. Bunun üçün gəncləri dinləmək, onların ehtiyaclarını nəzərə almaq və sosial media platformalarında təhlükəsiz mühitin yaradılmasına çalışmaq vacibdir.



Gənclərin sosial medianın yaratdığı qeyri-real gözəllik standartlarına qarşı media savadlılığını artırmaq böyük əhəmiyyət daşıyır.

Onlara bu obrazların ideallaşdırılmış və filtrlənmiş olduğunu anlatmaq, öz fərqliliklərini dəyər kimi qəbul etməyi öyrətmək lazımdır.


Valideynlər və pedaqoqlar bu istiqamətdə gənclərə:
Sosial medianın təsirini tanımağı,
Sağlam bədən imici formalaşdırmağı,

Özünə hörmət və inam hissini gücləndirməyi öyrədə bilərlər.


Cəmiyyət olaraq biz uşaqlara “fərqlilik çatışmazlıq deyil, zənginlik və dəyərdir” anlayışını aşılasaq, onlar da sosial medianın yaratdığı təzyiqlərə qarşı daha dayanıqlı ola bilərlər.

Mənbə: Dijital medya ve çocuk

Tərcümə etdi: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et