Bu gün:

Dinlərarası tolerantlıq- müsahibə


Fərqli dinlərin bir arada yaşadığı cəmiyyətlərdə qarşılıqlı hörmət və anlayış vacibdir. Dinlərarası tolerantlıq həm sabitliyin, həm də sülhün əsas dayağıdır. İlahiyyatçı Ağa Hacıbəyli bununla bağlı olan suallarımızı cavablandırıb. 

- İslamda başqa dinlərə qarşı hörmət anlayışı necə izah olunur? 

İslam dini bütün peyğəmbərləri, rəsulları tanıyır və onlara hörmətlə yanaşır. Həzrəti Adəmdən başlayaraq Həzrəti Məhəmməd Əleyhissalatu Vəssəlamadək bütün peyğəmbərlərin dəvətləri, təbliğ metodikaları və həyat tərzi müsəlmanlar üçün nümunədir. Qurani-Kərimdə 25 peyğəmbərin həyatı və fəaliyyəti nümunə olaraq göstərilmişdir. Bir peyğəmbəri inkar etmək İslamda dini inancı inkar etmək mənasını verir. Bəqərə surəsinin 256-cı ayəsində deyilir ki, “Dində məcburiyyət yoxdur”. Bu, İslamın insanları zorla dinə cəlb etmədiyini göstərir. İslam yalnız səmimi inancı olan insanları dəvət edir və gözəl dəyərləri göstərir. 

- Azərbaycanda dinlərarası harmoniya hansı amillərlə qorunur? 

Azərbaycanda dinlərarası harmoniya ölkənin zəngin tarixi və milli dünyagörüşü ilə qorunur. Müstəqillikdən sonra tolerantlıq daha da möhkəmləndi. Konstitusiyada hər kəs, dini etiqadından asılı olmayaraq, hüquq və azadlıqlara malikdir. Xristian, yəhudi, ingloy və digər dini icmalar dövlət və vətən üçün fəaliyyət göstərmiş, Qarabağ müharibələrində iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Fərqli inanclara malik insanların birgə fəaliyyəti ölkədə sülh və sabitliyi qoruyur.

- Ümumiyyətlə, dini dözümsüzlüyü azaltmaq üçün din xadimləri nə edə bilər? 

Dini dözümsüzlüyü azaltmaq üçün din xadimləri insanları maariflənməyə və təfəkkürünü inkişaf etdirməyə dəvət etməlidir. Quranı oxuyan insanın dünyagörüşü genişlənir və darlıqdan uzaqlaşır. Həzrəti Məhəmməd Əleyhissalatu Vəssəlam qeyri-islami inancda olan insanlara hörmətlə yanaşmış, onların məbədlərinə və etiqad yerlərinə toxunmamışdır. 

Qurani-Kərimdə buyurulur: “Biz sizi xalqlara və millətlərə böldük ki, bir-birinizi tanıya biləsiniz” (Hucurat, 13). Bu ayə dinlərarası anlaşma və hörmətin vacibliyini göstərir. Həmçinin bu ayədə millətlərin bir-birindən irqi üstünlüyünün olmaması vurğulanır. 

Din xadimləri insanların təəssübkeşliyini aradan qaldırmalı, həqiqəti çatdırmalı və nümunə olmalıdırlar. Seminarlar, mühazirələr, yazılar və sosial media vasitəsilə dəyərlər təbliğ edilməlidir. İnsanlar bir-birini yalnız dini etiqadına görə deyil, insan olaraq görməlidirlər. İslam dini insandan istəyir ki, həyatı mənalı etsin, yer üzünü yaxşılıqla bəzəsin və gerçək xəlifə kimi yaşasın. 

Elnarə İslamova

Paylaş
Şərh əlavə et