G7 ölkələrinin Xarici İşlər Nazirləri qlobal məsələləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Kanadanın ev sahibliyi ilə bir araya gəlir.
Kanada hökumətinin açıqlamasına görə, sammit Kanada, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Avropa İttifaqının (Aİ) nümayəndələrini bir araya gətirir.
Ontario əyalətinin Niagara bölgəsində keçiriləcək və iki gün davam edəcək sammitin əsas məqsədi qlobal problemlərin həlli yollarını müzakirə etmək və ölkələr arasında əməkdaşlığı artırmaqdır.
Kanadanın Xarici İşlər naziri Anita Anand jurnalistlərə açıqlamasında bu axşam işçi yeməyi çərçivəsində toplantı keçiriləcəyini bildirib.
Anand qeyd edib ki, görüşdə Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin təşviqi, Hind-Sakit okean bölgəsində təhlükəsizliyin dəstəklənməsi, həmçinin Haiti və Sudandakı humanitar böhranlara cavab verilməsi kimi vacib məsələlər müzakirə olunacaq.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
