ABŞ-nin dünyanın ən böyük hərbi gəmisi sayılan USS Gerald R. Ford aviadaşıyıcısı və onu müşayiət edən döyüş gəmiləri Karib dənizinə göndərilib. Bu addım Prezident Donald Trampın göstərişi ilə atılıb.

Gəmilərin bölgəyə göndərilməsi Venesuela və Kolumbiya ilə gərgin münasibətlərin artdığı, həmçinin narkotik daşıyan qayıqlara qarşı hücumların davam etdiyi bir vaxtda baş verib. ABŞ dəniz qüvvələri indiyədək 19 hücum həyata keçirib və nəticədə 76 nəfər ölüb.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ni “süni böhran yaratmaqda” və öz hökumətini devirmək cəhdində ittiham edib. Kolumbiya prezidenti Qustavo Petro isə Trampı “kobud və pis adam” adlandırdığı üçün onunla kəşfiyyat əməkdaşlığını dayandırıb.
Pentaqon bildirir ki, yeni göndərilən qüvvələr narkotik qaçaqmalçılığını və regiondakı cinayətkar qrupları zərərsizləşdirmək məqsədi daşıyır. ABŞ ordusunun bölgədəki mövcudluğu son illərin ən böyük hərbi iştirakına çevrilib.
Tramp isə müsahibəsində Venesuela ilə müharibə planlaşdırmadığını, lakin “lazım gələrsə hərbi tədbirlərin istisna olmadığını” deyib. ABŞ-nin Karibdəki fəaliyyəti regionda siyasi və hərbi gərginliyi artırıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
