24media.az Azərtac-a istinadən bildirir ki, Kanadanın Hamilton şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunan konsert proqramı təşkil edilib.
Əvvəlcə qonaqlar Azərbaycanın görkəmli bəstəkarlarının portretləri və onlar haqqında məlumat stendləri ilə tanış olublar. Azərbaycan milli musiqi alətləri – tar, kamança və qaval haqqında məlumat verilib, maarifləndirici broşürlər paylanıb. Hamiltonda fəaliyyət göstərən dekorator Nərmin Məmmədovanın təşəbbüsü ilə yaradılan, Azərbaycan milli ruhunu əks etdirən guşələrdə milli geyim nümunələri, xalq sənətinə aid bəzək əşyaları və ölkəmizin tarixinə dair ekspozisiyalar böyük maraqla qarşılanıb.
Konsert Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Koreya, Çin, Pakistan, Kanada, İsrail, Suriya, Ukrayna, Rusiya və digər ölkələrdən olan uşaqlar Azərbaycan musiqilərini böyük sevgi ilə ifa ediblər. “Lirik vals”, “Sarı gəlin”, “Sevgili canan” və “Ay, Laçın” kimi əsərlərin səsləndirilməsi alqışlarla qarşılanıb. Konsertin yaddaqalan anlarından biri ENANA Balet Akademiyasının üzvlərinin bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən “Slavyan gözəli” obrazını canlandırması olub. Ardınca həmin baletdən “Vals” kompozisiyasının təqdimatı maraqla qarşılanıb.
Turqut Ansari
