24media.az Azərtac-a istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərinin dünyaca məşhur “Carnegie Hall” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

Konsertdə müsabiqədə seçilən 50-dən çox istedadlı gənc orkestrlə birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər. ABŞ-da fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun, Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın, fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin çıxışları alqışlarla qarşılanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək qalibləri təbrik edib, Azərbaycan musiqisinin dünyada tanıdılmasında xüsusi rol oynayan müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.
Turqut Ansari
