Bu gün:

Misirdə iki onillik gözləmədən sonra möhtəşəm yeni antikvar muzeyi açılıb


Baş nazirlər, prezidentlər və şahzadələr şənbə günü Qahirəyə toplaşaraq dünyanın ən zəngin antik əşyalar kolleksiyalarından birinə ev sahibliyi edəcək nəhəng yeni muzeyin - Böyük Misir Muzeyinin (GEM) rəsmi açılışında iştirak ediblər.Bu açılış 20 il davam edən inşaat prosesinin sonunu bildirir. Layihə ərəb baharı iğtişaşları, pandemiya və qonşu ölkələrdəki müharibələr səbəbindən gecikib. Baş nazir Mustafa Madbuli mətbuat konfransında bildirib:  

"Biz hamımız bu layihənin reallaşacağına ümid edirdik. Bu, 7000 illik tarixi olan Misirdən bütün dünyaya bir hədiyyədir".

Açılış mərasimində Prezident Əbdülfəttah əs-Sisi də iştirak edib. Muzeyin qarşısında quraşdırılmış nəhəng ekranda Misirin məşhur mədəniyyət abidələri nümayiş olunub. Parıltılı firon üslubunda geyinmiş rəqqaslar parlayan kürələr və əsalarla çıxış ediblər. Tədbirə Misirli pop ulduzlar və ağ geyimdə olan beynəlxalq orkestr də rəng qatıb. Gecə lazer şouları, atəşfəşanlıq və səmada hərəkət edən heroqlif işıqları ilə bəzədilib.

Sisi çıxışında bildirib:  

"Muzeyin açılması bu qədim millətin indiki və gələcəyinin hekayəsində yeni bir fəsildir".

Tədbirdə iştirak edənlər arasında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Hollandiya Baş naziri Dik Sxof, Macarıstan Baş naziri Viktor Orban, Fələstin Prezidenti Mahmud Abbas, Konqo Prezidenti Feliks Çisekedi, eləcə də Oman və Bəhreyn şahzadələri yer alıb.

Muzeyin əsas diqqət çəkən ekspozisiyası 1922-ci ildə kəşf edilmiş Tutanxamonun məzarına aid qızıl maskası, taxtı və sarkofaqı da daxil olmaqla minlərlə əşyadır. 

Bundan başqa, uzun illər Qahirə meydanında sərgilənən II Ramzesin nəhəng heykəli indi muzeyin əsas giriş zalında yerləşdirilib. Piramidalardan ilham alınaraq dizayn edilən yeni kompleks, Tahrir meydanındakı 100 ildən çox yaşı olan klassik Misir Muzeyindən kəskin şəkildə fərqlənir.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli




Paylaş
Şərh əlavə et