Bu gün:

Messi yenilənmiş "Kamp Nou" stadionunu ziyarət edib


Dünya çempionu Lionel Messi uzun illər formasını geyindiyi "Barselona" klubunun yenidən qurulan stadionunu ziyarət edib. Argentinalı ulduz 21 ilini keçirdiyi "Kamp Nou"ya qısa səfəri zamanı bir gün ora qayıtmaq istədiyini bildirib.Hazırda 38 yaşında olan Messi 13 yaşında "Barça" akademiyasına qoşulub və klub tarixinin ən yaxşı bombardiri olub - 778 oyunda 672 qol. 2021-ci ildə klubun maliyyə çətinliklərinə görə Kataloniya təmsilçisindən ayrılan ulduz futbolçu iki il PSJ-də çıxış etdikdən sonra "Inter Miami"yə keçib.

"Barselona" 895 gün bağlandıqdan sonra cümə günü stadionu yenidən açaraq 21.795 azarkeşin izlədiyi açıq məşqlə yenilənmiş "Kamp Nou"nu ictimaiyyətə təqdim edib.

Messi Instagram paylaşımında yazıb: "Dünən gecə qəlbimdə dərin iz buraxan yerə qayıtdım. Olduğum ən xoşbəxt anlar burada yaşanıb. Ümid edirəm ki, bir gün geri dönəcəyəm və sadəcə vida üçün deyil. Çünki bu mənimlə baş verməyib".

Qeyd edək ki, Messi oktyabr ayında "Inter Miami" ilə yeni müqavilə imzalayıb və MLS klubunun karyerasındakı son dayanacaq olduğunu daha əvvəl də bildirib.

"Barselona" isə X sosial platformasında belə cavab verib: "Evində səni həmişə xoş qarşılayacağıq, Leo".

Mənbə: Reuters 

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş