İtaliyanın məşhur "Prada Group" şirkəti Amerika şirkəti "Capri Holdings"dən "Versace" moda evini təxminən 1,4 milyard dollara aldığını elan edib. Bu, İtaliya moda tarixində ən böyük sövdələşmələrdən biri sayılır və 2025-ci ilin ikinci yarısında tamamlanacaq.
"Prada"nın açıqlamasına əsasən, "Versace" öz yaradıcılıq müstəqilliyini qoruyacaq və hazırkı komanda yeni rəhbərlik altında fəaliyyətini davam etdirəcək. "Prada" "Versace"nin beynəlxalq mövqeyini gücləndirməyi, mağaza şəbəkəsini yeniləməyi və istehsal imkanlarından istifadə edərək təchizat zəncirini optimallaşdırmağı planlaşdırır.
Mütəxəssislərin fikrincə, "Prada" və "Versace" birləşməsi İtaliya üçün güclü bir moda ittifaqı yaradır və bu, fransız nəhəngləri "LVMH" və "Kering" ilə rəqabət aparmağa imkan verəcək. Eyni zamanda, bu addım İtaliyanın qlobal lüks moda bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.
İqtisadi qeyri-sabitliyə baxmayaraq, "Prada" uzunmüddətli inkişaf strategiyasını davam etdirir. Analitiklər hesab edirlər ki, "Versace"nin alınması şirkətə daha geniş auditoriyaya həm minimalist "Prada" üslubunu, həm də parlaq və lüks "Versace" estetikasını sevən müştərilərə çatmağa imkan verəcək.
Mənbə: apnews.com
Tərcümə etdi: Şehrin Musayeva
