Sahiblərin stres və emosional partlayışları onların ev heyvanlarında- pişiklərdə və itlərdə ürək tutmalarının artmasına səbəb olur. Bu barədə SHOT-a müsahibə verən mütəxəssislər məlumat veriblər.

Onların sözlərinə görə, son dövrlərdə ürək problemləri olan pişik və itlərin sayı təxminən 15 % artıb. Ürək xəstəliklərinə ən çox meylli pişik cinsləri arasında meyn-kun, reqdoll və britaniya pişikləri qeyd olunur. İtlər arasında isə labradorlar, retriverlər, çoban itləri və dobermanlar daha çox risk altındadır.
Baytar həkim Yuliya Qradova bildirib ki, sahiblərin yaratdığı stresli vəziyyətlər, məsələn, qışqırıq, mübahisə və ya güclü emosional gərginlik heyvanlarda tac (koronar) damarların daralmasına səbəb olur. Bu isə işemiyaya hətta simptomsuz mikroinfarktlara gətirib çıxara bilər. Xüsusilə, yaşlı və iri cins itlər bu baxımdan daha həssas hesab olunur.
Mütəxəssislər qusma, halsızlıq və təngnəfəslik kimi təhlükəli simptomlara diqqət yetirməyi tövsiyə edirlər. Doberman cinsli itlərdə qəfil ölüm riski daha yüksək olduğuna görə, onların ürək fəaliyyəti gənc yaşdan etibarən mütəmadi olaraq nəzarətdə saxlanmalıdır.
Profilaktika məqsədilə bütün ev heyvanlarına 6 aylıq və 1 yaşında ürəyin ultrasəs müayinəsini (UZİ) keçmək, sonrakı dövrlərdə isə baytarın göstərişlərinə, əsasən, mütəmadi yoxlanmaq məsləhət görülür. Risk faktorları arasında, həmçinin qeyri-kafi qidalanma və gizli xəstəliklərin mövcudluğu da vurğulanır.
Mənbə: life.ru
Tərcümə etdi: Aysel Mehtizadə
