Rusiya ötən gecə Ukraynaya çoxsaylı dron və raket hücumu həyata keçirib. Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində azı dörd nəfər həlak olub, ölkənin üç müxtəlif regionunda enerji infrastrukturu zərər görüb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya 450-dən çox dron və 45 raket buraxıb, onların çoxu hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Dnipro şəhərində dronun yaşayış binasına düşməsi nəticəsində üç nəfər həlak olub, 12 nəfər yaralanıb. Xarkov bölgəsində isə bir nəfər ölüb. Baş nazir Yuliya Sviridenkonun sözlərinə görə Kiyev, Poltava və Xarkov bölgələrindəki enerji infrastrukturu da hücumlar zamanı zərər görüb.
Enerji şirkətləri elektrik, su və istilik təchizatını bərpa etmək üçün iş aparıb. Bir neçə şəhər elektrik enerjisini təmin etmək üçün generatorlardan istifadə edib. Poltava bölgəsinin Kremençuk və Horishni Plavni şəhərləri su təchizatını saxlamaq üçün generatorlardan istifadə etdiklərini açıqlayıb.
Zelenski hücumlardan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsinə çağırıb: “Rusiyanın hər bir enerji infrastrukturu zərbəsinə - insanların qış öncəsi həyatına zərbə vurmaq cəhdinə cavab olaraq bütün Rusiya enerji sektorunu əhatə edən sanksiyalar tətbiq edilməlidir”.
Son aylarda Rusiyanın Ukraynanın enerji sektoruna hücumları artıb. Dövlət enerji şirkəti “Naftoqaz”ın məlumatına görə, son iki ayda qaz obyektlərinə doqquz dəfə hücum olub.
Şənbə günü Ukrayna dronları Rusiyanın şimalındakı elektrik yarımstansiyasına zərbə endirib və Saratov şəhərində yaşayış binasına hücum nəticəsində iki nəfər yaralanıb.
Rusiya isə bildirib ki, “kütləvi zərbə” Ukraynanın silah istehsalı və enerji obyektlərinə yönəlib. Moskva, həmçinin şərq cəbhəsində bir kəndi ələ keçirib və orada tədricən irəliləyib.
ABŞ-nin atəşkəs üçün təzyiqlərinə baxmayaraq daimi sülh danışıqları aparılmayıb. Oktyabr ayında Donald Tramp Rusiya və Ukraynanı mövcud cəbhə xəttlərini dondurmağa və müharibəyə son qoymağa çağırıb.
Cəbhə xəttinin dondurulması ilə danışıqlara başlamaq təklifini Zelenski dəstəkləyib, lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ideyanı rədd edərək Moskvanın yalnız “uzunmüddətli və dayanıqlı sülh”lə maraqlandığını bildirib.
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen isə cümə axşamı xəbərdarlıq edib ki, əgər Avropa Rusiyaya təzyiqi artırmasa Ukrayna “sonsuz müharibə” və tədricən ərazi itkiləri ilə üzləşə bilər.
Belə ki, münaqişə 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdikdə başlayıb və bu, İkinci Dünya Müharibəsindən bəri Avropada baş vermiş ən böyük və ən qanlı müharibə sayılıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
