Azərbaycanın Rusiyadakı səfirliyində Qələbə Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Moskvada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, hərbi attaşelər, Rusiya və Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət xadimləri, Moskvadakı Azərbaycan icmasının görkəmli nümayəndələri, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Taxmazov Azərbaycan xalqının 30 ildən artıqdır ki, itirilmiş torpaqlarının acısı ilə yaşadığını vurğulayıb amma bu illər ərzində səbirlə güclü dövlət və qüdrətli ordu qurub. O, 44 günlük Vətən Müharibəsi zamanı adları şücaət simvoluna çevrilən minlərlə qəhrəmandan bir neçəsini xatırladıb. Polkovnik əlavə edib ki, Azərbaycan xalqı haqlı olaraq ölkə vətəndaşlarına və bütün dünyada yaşayan soydaşlarımıza Qələbə sevincini yaşadan öz müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev, rəşadətli Ordusu ilə fəxr edir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edən hər kəsi Qələbə günü münasibətilə təbrik etdikdən sonra 8 noyabr – Qələbə Gününün əhəmiyyətini vurğulayıb, bu tarixi hadisənin təkcə xalqımızın deyil, həm də dost və müttəfiqlərimizin qələbəsi, beynəlxalq hüquq prinsiplərinin təntənəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, 8 noyabrın ən mühüm dərsi ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri yalnız onları həyata keçirməyə qadir və hazır olan hərbi qüvvələr tərəfindən dəstəkləndikdə dəyərlidir.
Mənbə: 1News. az
Tərcümə etdi: Əli Balayev
