24media.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirin qonaqları polkovnik Rəşad Aslanov, Vətən müharibəsi qaziləri Şirin Alıyev və Qismət Əliyev olub.
Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov tədbirdə çıxış edərək, Azərbaycanın Qarabağ Zəfərinin böyük geosiyasi hadisə olduğunu vurğulayıb. Prorektor bildirib ki, bu möhtəşəm Zəfər ölkədə illər boyu aparılmış ardıcıl iqtisadi siyasətin, ordu quruculuğu sahəsində atılan qətiyyətli addımların, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətinin, prinsipial mövqeyinin, sərkərdəliyinin, Azərbaycan əsgərinin igidliyinin, andına, dövlətinə və xalqına sədaqətinin məntiqi nəticəsidir. Tarixi Zəfərin qazanılmasında Azərbaycan xalqının birliyi, Vətən sevgisi, həmçinin genetik yaddaşı da mühüm rol oynayıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mübarizəsi bu gün regionda sülhün və sabitliyin əsas təminatına çevrilib.
Turqut Ansari
