Bu gün:

"Virtual yaxınlıq real münasibətləri əvəz etmir"


Dost siyahıları və izləyici sayları artsa da, bir çox insanlar özünü tənha hiss edirlər. Bu ziddiyyət sosial şəbəkələr dövrünün paradokslarından biridir. Sosioloq Üzeyir Şəfiyev bununla bağlı olan suallarımızı cavablandırıb. 

- Sosial şəbəkələr insanların tənhalığını azaldır, yoxsa əksinə dərinləşdirir? 

Sosial şəbəkələr artıq bizim günümüzün reallığıdır və biz rəqəmsal cəmiyyətdə yaşayırıq. Onlar bizim həyat tərzimizə daxil olub. Bu, yeni bir reallıqdır və istəsək də, istəməsək də bu gerçəkliyi qəbul etməliyik. Elm adamları da sübut edirlər ki, insan sosial varlıqdır, emosional, təbii münasibətlərə daha çox ehtiyacı var. Əks halda insan tənhalaşa bilər. Bu proses geridönməz səciyyə daşıyanda artıq sosial anomiya kimi müşahidə olunar və bu, insanın cəmiyyətdən özgələşməsi anlamına gələr ki, bu da şübhəsiz ki, onun səhhətinə, sağlamlığına, varlığına təsir göstərə bilər. Bununla mübarizə aparmaq kimi bir missiya qarşımıza qoymamalıyıq. Çünki bu reallıqdır və çalışmalıyıq ki, sosial şəbəkədən praqmatik (daha faydalı) məqsədlər üçün istifadə edək. 

Təbii ki, sosial şəbəkələr insani münasibətlərə də, cəmiyyətin sosial xarakterinin dəyişməsinə də təsir göstərir. Belə ki, insanlar əvvəlki sosial münasibətlərdən fərqli bir münasibətə sanki transformasiya olurlar. Onlar daha çox virtual onlayn platformalarla əlaqə saxlayırlar. Hətta Yaponiya, Çin kimi Asiya ölkələrində gənclər arasında “subaylıq sindromu” yayılıb. Bu sindromun əsas səbəbini sosial şəbəkələrlə əlaqələndirirlər. Gənclər öz ünsiyyət ehtiyaclarını virtual qaydada ödəyir, onlayn platformalar vasitəsilə gerçəkləşdirirlər. Bu səbəbdən, onlar arasında virtual ünsiyyət daha dominantlıq edir, nəinki real ünsiyyət forması. 

Sosial şəbəkələr insanlarda bir qədər asılılıq da yaradır. Sanki sosial şəbəkələrə köklənən insanlar real həyatda tamam başqa cür rəftar edirlər. Bu əlamətlərin olması o demək deyil ki, belə də davam edəcək. Düşünürəm ki, sosial şəbəkə reallığı bir “boom” xarakteri daşıyır. Bəlli bir müddətdən sonra insanlar yenə də öz təbiətinə qayıtmalı olacaqlar. Çünki bu bir dalğa effektindədir. İnsanlar anlayacaqlar ki, sosial şəbəkə üzərindən heç də bütün münasibətləri reallaşdıra, emosional ehtiyaclarını ödəyə, yaxud mənəvi ehtiyaclarını tam sosial şəbəkə üzərindən gerçəkləşdirə bilməzlər. Ona görə sosial şəbəkəyə qədərki dövrə qayıdış olacaqdır. Bunlarla yanaşı, sosial şəbəkə reallığının, əlbəttə ki, cəmiyyət həyatına qatqısı da var. 

- Real münasibətlərin güclənməsi üçün cəmiyyət və fərdlər nə edə bilərlər? 

Real münasibətlərin güclənməsi bizdən asılıdır. Şübhəsiz ki, sosial şəbəkələrə qədər arxetiplərimiz var idi və bu arxetiplərlə bərabər ənənələrimiz, dəyərlərimiz. Məsələn, birgə süfrə mədəniyyəti, real ünsiyyət platformaları. Çox təəssüflər olsun ki, sosial şəbəkə real münasibətləri sıxışdırıb, hətta ailədə insanlar daha çox smart qurğuları ilə rabitədədirlər. 

Yenə də qeyd edirəm ki, məncə, bu bir mərhələdir, müəyyən bir müddətdən sonra cəmiyyət bundan da doyacaq və nəhayət, əvvəlki sosial şəbəkə dövrünə qədərki mərhələyə qayıdacaq. Düzdür, sosial şəbəkənin avantajları, üstünlükləri çoxdur, lakin bu o demək deyil ki, insanlar bununla kifayətlənəcək. İnanıram ki, İKT (İnformasiya və kommunikasiya texnologiyaları) imkanları sosial şəbəkələrin daha yeni formalarını ortaya qoyacaq və insanlar ona da köklənə biləcəklər. 

Sosial mediaya bütövlükdə cəmiyyətin inkişafında bir mərhələ, bir faza kimi baxmaq lazımdır. Yəni onunla mübarizə aparmaq yox, onun imkanlarından faydalanmaq lazımdır. Biz çalışmalıyıq ki, insanlar həm də ənənəvi ünsiyyət imkanlarından istifadə etsinlər, nəinki yalnız onlayn ünsiyyət vasitələrindən. Bunun üçün indiyə qədərki ənənələrə hörmətlə yanaşmaq və onları bərpa etmək faydalı olar. 

Bu kimi halların qarşısını almaq üçün insanlar paralel şəkildə real ünsiyyət formalarına, birgə fəaliyyətə, kollektiv ünsiyyət formalarına üstünlük verməlidirlər. Onlayn ünsiyyət platforması artıq gündəlik rutinə çevrilib. İnsanlar buna adaptasiya olublar. Ancaq heç bir onlayn ünsiyyət forması real ünsiyyəti tam əvəz edə bilməz. Çünki insan psixoemosional imkanlarını real həyatda daha rahat, faydalı və praqmatik şəkildə ifadə edə bilir, nəinki onlayn platformalarda. 

Elnarə İslamova

Paylaş
Şərh əlavə et