Rusiya 2025-ci ilin yanvar–sentyabr ayları ərzində Özbəkistana ümumi dəyəri 26 milyon dollardan artıq olan canlı heyvan ixrac edib. Bu barədə Federal Aqroeksport Mərkəzinin qiymətləndirmələrində qeyd olunur. Müqayisə üçün 2024-cü ilin eyni dövründə ixracdan əldə olunan gəlir təxminən 2 milyon dollar təşkil edib.

İxracın strukturunda əsas pay ev təsərrüfatına aid iribuynuzlu heyvanların (mal-qaranın) tədarükünə məxsus olub — onların ümumi dəyəri 22 milyon dollardan çox təşkil edib. Qoyun ixracı təxminən 2 milyon dollar, safcins damazlıq mal-qara isə 1 milyon dollardan artıq olub. Eyni məbləğdə, yəni təxminən 1 milyon dollarlıq cücə də ixrac edilib. Rusiya tərəfindən Özbəkistana at ixracı təxminən 1 milyon dollar, arı ailələrinin ixracı isə 50 min dollara yaxın gəlir gətirib.
Mənbə: dairynews.ru
Tərcümə etdi: Aysel Mehtizadə
