Bu gün:

Gənclərin dilə münasibəti və ana dilimizin saflığının qorunması – müsahibə


24media.az saytının “1 sual 1 cavab” rubrikasının budəfəki müsahibi Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədovdur. O, ana dilimizin bugünkü vəziyyəti və gənclərin dilin saflığının qorunmasındakı rolundan danışıb.– Sizcə, dilimizin saflığının qorunması üçün gənclərin üzərinə nə kimi vəzifələr düşür?

– Ana dili hər bir xalqın milli varlığını və mənəvi dəyərlərini yaşadan ən mühüm amildir. Azərbaycan xalqının milli dili də Azərbaycan dilidir. O, respublikamızın ünsiyyət və rəsmi dövlət dilidir. Azərbaycan dili geneoloji baxımdan türk dillərinin oğuz qrupuna daxildir. Bu dili sevmək, ona hörmətlə yanaşmaq hər birimizin borcudur. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə münasibətdə hər kəs üçün örnək olub. O, hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycan dilində çıxış edərək dilimizə verdiyi önəmi göstərib. 1978-ci ildə qəbul edilən Konstitusiyada ilk dəfə rus dili ilə yanaşı Azərbaycan dilinin də rəsmi status alması, 1995-ci ildə isə müstəqil Azərbaycanın Konstitusiyasında dövlət dili kimi təsbit olunması dilimizin inkişafında mühüm mərhələ idi.

Müstəqillik əldə etdikdən sonra ana dilimizin inkişafı və qorunması ilə bağlı bir sıra fərman və sərəncamlar imzalanıb. Bütün bu addımlar dilimizin saflığının və mövqeyinin qorunmasına xidmət edir. Lakin bu sahədə yalnız dövlət deyil, hər bir vətəndaş da məsuliyyət daşıyır. Kimliyimizdən, harada yaşamağımızdan, hansı vəzifəni tutmağımızdan asılı olmayaraq, dövlət dilinə qayğı ilə yanaşmalı, onu qorumalıyıq.

Xüsusilə gənclərin üzərinə böyük vəzifələr düşür. Qloballaşma şəraitində müxtəlif dillərin öyrənilməsi və tədrisi təbii prosesdir, amma bu, ana dilimizə biganəlik yaratmamalıdır. Hər bir gənc dilimizə sevgi ilə yanaşmalı, ondan düzgün və səlis istifadə etməli, dil qaydalarına riayət etməlidir. Mən inanıram ki, müasir gənclik Azərbaycan dilinin qorunması və saflığı yolunda bütün elmi bilik və potensialını səfərbər edəcək.

Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et