Bu gün:

"Arsenal"ı təqib yarışı qızışır


Son illərdə İngiltərə Premyer Liqasının çempionluq yarışında həlledici qarşılaşmalardan sayılan "Mançester Siti" – "Liverpul" dueli bu dəfə daha fərqli kontekstdə diqqət mərkəzindədir. Bazar günü "Etihad" stadionunda (20:30 Bakı vaxtı) baş tutacaq qarşılaşma iki klubdan hansının "Arsenal"ı təqib etməkdə daha hazırlıqlı olduğunu göstərə bilər.

Həftə sonunun bu böyük oyunu başlamazdan əvvəl turnir cədvəlində zirvədə qərarlaşan "Arsenal" şənbə günü mövsümün sürpriz komandalarından olan "Sunderland"-ə qarşı oynayacaq. Qələbə qazandıqları təqdirdə "topçular" "Liverpul"dan 10, "Siti"dən isə 9 xal önə keçə bilər. Bu isə "Siti ty" və "Liverpul" üzərində təzyiqi daha da artıracaq.

Mövsüm hələ yeni başlasa da, möhkəmlənmiş heyəti ilə "Arsenal" zirvəni qorumaqda iddialı görünür. Mikel Artetanın komandası indiyədək yalnız 3 qol buraxıb və son 4 oyunda qapısını toxunulmaz saxlayıb.

Pep Guardiola və "Liverpul"un baş məşqçisi Arne Slot bu mövsüm "Arsenal"ın göstərdiyi sabit və effektiv çıxışdan xəbərdardır və bazar günü alınacaq məğlubiyyətin çempionluq mübarizəsində böyük çətinlik yaradacağının fərqindədirlər. Bununla belə, hər iki komanda son vaxtlar formalarını bərpa ediblər. "Mançester Siti" son 13 oyunda yalnız bir dəfə məğlub olub. Çərşənbə günü isə Çempionlar Liqasında "Borussia Dortmund"-u 4:1 hesabı ilə məğlub ediblər. Erling Haaland bu mövsüm klub səviyyəsində 18-ci qolunu vurub, Fil Foden isə iki qol ilə fərqlənib.

"Liverpul" isə bütün turnirlərdə son yeddi oyunun altısında uduzduqdan sonra "Aston Villa" və "Real Madrid" üzərində ardıcıl iki qələbə ilə dirçəlişə keçib.

Bu oyunun nəticəsi Premyer Liqa çempionluq yarışında güc balansını dəyişə bilər.

Mənbə: Reuters

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et