Bu gün:

FIFA sülhün təşviqi üçün futbol mükafatı təsis edib


Dünya futbolunun ali idarə orqanı FIFA futbolun birləşdirici gücünü vurğulamaq məqsədilə “FIFA Peace Prize” - FIFA Sülh Mükafatı adlı yeni təşəbbüsünü elan edib. Mükafat futbol vasitəsilə sülh, birlik və qarşılıqlı anlayışı təşviq edən fərdləri və təşkilatları mükafatlandırmaq məqsədi daşıyır.

Rəsmi məlumatlara görə, mükafatın ilk təqdimat mərasimi 2026-cı il Dünya Kubokunun qrup mərhələsinin püşkatma mərasimi zamanı keçiriləcək. FIFA bu addımla futbolun yalnız idman deyil, həm də sosial və humanitar sahədə mühüm rol oynadığını vurğulamaq istəyir.

FIFA prezidenti Gianni Infantino bu təşəbbüslə bağlı açıqlamasında bildirib: “Futbol sülh naminə bir vasitədir. Bu mükafat dünyanı daha birləşdirici, anlayışlı və dinc bir yerə çevirmək üçün göstərilən səyləri tanımaq məqsədi daşıyır".

Yeni mükafatın tətbiqi ilə FIFA-nın sosial məsuliyyət istiqamətindəki fəaliyyətləri daha da genişlənəcək. Ekspertlərin fikrincə, bu təşəbbüs futbolun diplomatik və mədəni təsir gücünü artıracaq, eyni zamanda federasiyalar və klublar üçün sosial layihələrdə iştirak stimulu yaradacaq.

Gözlənilir ki, gələcək illərdə “FIFA Peace Prize” beynəlxalq miqyasda nüfuzlu sosial mükafatlardan birinə çevrilsin. Mükafatın qalibi və seçim meyarları barədə ətraflı məlumat isə Dünya Kubokunun püşkatma mərasimi zamanı açıqlanacaq.

Mənbə: The Straits Times, FIFA.com

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et