Ronaldo "ailəmə daha çox vaxt ayırmaq üçün tezliklə futboldan təqaüdə çıxacağam" deyib."Al-Nassr"in hücumçusu, dünya futbol tarixinin ən çox qol vuran oyunçusu olan Kristiano Ronaldo (klub və yığma daxil olmaqla 952 qol) tezliklə karyerasını başa vuracağını bildirib. O, buna baxmayaraq, futboldan sonrakı həyatına uzun illərdir hazırlaşdığını da qeyd edib.
“Tezliklə,– deyə 40 yaşlı Ronaldo Piers Morganın “Uncensored” proqramına verdiyi müsahibədə nə zaman təqaüdə çıxacağı ilə bağlı suala cavab verib, – Düşünürəm ki, mən buna hazır olacağam. Bu, çox çətin olacaq. Amma mən 25-26 yaşlarımdan bu an üçün hazırlıqlara başlamışam",– deyə Ronaldo vurğulayıb.
Beşqat “Qızıl top” sahibi əlavə edib: “Heç nə futbolda qol vurmaqdan alınan adrenalini əvəz edə bilməz. Amma hər şeyin bir başlanğıcı və sonu var. Mən daha çox özümə, ailəmə, övladlarımın böyüməsinə vaxt ayıra biləcəyəm".
Karyerasında iki dəfə formasını geyindiyi “Manchester United ” haqqında da danışan Ronaldo klubdakı ikinci dönəminin uğursuzluqla başa çatmasına baxmayaraq hələ də komandanın nəticələrini izlədiyini deyib:
“Ürəyimdə hələ də həmin klub var. Amma klubun strukturu yoxdur. Ümid edirəm, bu, indiki və gələcəkdə dəyişər. Çünki potensialları inanılmazdır”, – deyə Ronaldo bildirib. O, “Manchester United”-in hazırkı durumunun yalnız baş məşqçi və oyunçularla əlaqəli olmadığını, klubun ümumi idarəçiliyində də problemlərin olduğunu qeyd edib: “Baş məşqçi Ruben Amorim əlindən gələni edir. Amma möcüzə yaratmaq mümkün deyil”.
Xatırladaq ki, “Manchester United ” ötən mövsüm Premyer Liqada tarixinin ən zəif nəticələrindən birini göstərərək 15-ci pillədə qərarlaşıb.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
