Bu gün:

“Məktəblilərarası Milli Hakaton – 2025” final tarixləri


Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin növbəti mərhələlərinin tarixləri açıqlanıb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az istinad edir ki, yarımfinal mərhələsi  28-30 noyabr, final mərhələsi isə 1 dekabr 2025-ci il tarixlərində keçiriləcək.

Bu mərhələlərdə iştirakçılar layihə təqdimatları, praktiki tapşırıqlar və komanda əsaslı proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Bu il ölkə üzrə 5–11-ci siniflərdə təhsil alan 300 mindən çox şagird müsabiqəyə qatılıb. İlkin seçim mərhələsini uğurla keçən 300 şagird (74 komanda) yarımfinalda mübarizəni davam etdirəcək.

Hazırda komandalar yarımfinala intensiv şəkildə hazırlaşır. Onlara IT sahəsində təcrübəli mütəxəssislər, eləcə də "Code for future layihəsinin məzunları tərəfindən mentor dəstəyi göstərilir.

Bununla yanaşı, məktəblilərin İKT bacarıqlarının inkişafı məqsədilə “Code Hour Challenge” təşəbbüsü də davam edir. 27 oktyabrdan başlayan "Süni İntellekt"  və "İnformasiya təhlükəsizliyi" mərhələləri 27 noyabra qədər aktiv olacaq. Bu mərhələlərdə 6–11-ci sinif şagirdləri iştirak edə və uğurla tamamladıqda sertifikat əldə edə bilərlər.

Əvvəlki mərhələlərdə iştirak etməyən şagirdlər codehour.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək müsabiqəyə qoşula bilərlər.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et