Apple 2026-cı ilin ilk yarısında aşağı qiymətli Mac noutbuk modelini təqdim etməyə hazırlaşır. Məhsul hazırda şirkətin xaricdəki tədarükçüləri tərəfindən ilk istehsal mərhələsindədir və Apple daxilində sınaqdan keçirilir.
Yeni noutbukun məqsədi Chromebook və ucuz Windows kompüterləri istifadəçilərini Apple ekosisteminə cəlb etməkdir. Şirkət bu modeli adi istifadəçilər, tələbələr və bizneslər üçün nəzərdə tutur, yəni əsasən internetdə gəzinmə, sənəd üzərində işləmə və yüngül media redaktəsi kimi gündəlik tapşırıqlar üçün.
Mənbələrin bildirdiyinə görə, noutbuk iPad almağı düşünən, lakin ənənəvi klaviaturalı kompüter istəyən istifadəçilər üçün də cəlbedici olacaq. Cihaz tamamilə yeni dizayna, daha sadə LCD ekrana malik olacaq və A seriyalı iPhone prosessoru ilə işləyəcək.
Ekspertlər qeyd edir ki, bu noutbukun qiyməti Apple üçün həlledici amil olacaq. Şirkət cihazı 1,000 dollardan aşağı qiymətə satmağı planlaşdırır. Halbuki Chromebook və Windows noutbukları bir neçə yüz dollara satılır, yüksək səviyyəli Chromebook-lar isə təxminən 600 dollar civarındadır. Rəqabətdə üstün olmaq üçün Apple-ın bu noutbuku 700 dollardan ucuz qiymətə təqdim etməsi vacib sayılır.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
