Bu gün:

Rusiyada ev heyvanlarının sayı 61 milyona yüksəlib


Rusiyada ev heyvanlarının sayı 61 milyona çatıb, bu da yeddi il əvvəlki göstəricidən təxminən üçdə bir çoxdur. Hazırda ölkə əhalisinin 85%-i ən azı bir pişik və ya it saxlayır. Üstəlik, sahiblərin çoxunun bir neçə heyvanı var: ailələrin 63%-i eyni növdən iki və daha çox heyvan saxlayır, 39% isə həm pişik, həm də itə sahibdir.

Bu nəticələr “Romir” tədqiqat holdinqi tərəfindən aparılan araşdırma əsasında əldə olunub. Mütəxəssislər bildirirlər ki, ailə üzvlərinin sayı artdıqca ev heyvanı saxlama ehtimalı da yüksəlir. Beş və daha çox üzvü olan ailələrdə heyvan saxlayanların payı 89%-dir, tək yaşayanlar arasında isə bu rəqəm 82%-ə bərabərdir.

Araşdırmaya görə, rusiyalıların üçdə biri stressdən qurtulmaq üçün heyvanlarla vaxt keçirməyə üstünlük verirlər. 24 yaşadək olan gənclər arasında isə heyvanlar stressə qarşı gəzintidən sonra ikinci yerdədir.

Ev heyvanı sahiblərinin 94%-i müntəzəm olaraq hazır yemlər alırlar. Orta hesabla, hər bir ailə ildə 27 dəfə yem alışı edir və bu zaman təxminən 273 rubl xərcləyir.

Satışların 84%-i pişik yemlərinin, 16%-i isə it yemlərinin payına düşür. Pişik sahibləri daha çox nəm yemləri (57%), it sahibləri isə əsasən quru yemləri (70%-dən çox) seçirlər.

Mənbə: rskrf.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et