Bu gün:

Səlcuq İnanın böyük hədəfi – “Qalatasaray”


Superliqanın 12-ci həftəsində “Qalatasaray”ı qəbul edəcək “Kocaelispor”un baş məşqçisi Səlcuq İnan qarşıdakı çətin qarşılaşma öncəsi iddialı açıqlamalar verib və bildirib ki, məqsədləri yalnız qələbə qazanmaqdır.

“Matçda qalib gəlmək üçün indiyə qədər verdiyimiz mübarizənin üstünə getməliyik. Rəqibin kim olduğuna baxmadan, meydanda istədiklərimizi həyata keçirsək və azarkeşlərimizin dəstəyi ilə oynasaq, qalib gələn tərəf biz olacağıq,” – deyə İnan vurğulayıb.

Trendyol Super Liqasının 12-ci turunda “Kocaelispor” noyabrın 9-da, bazar günü saat 17:00-da lider “Qalatasaray”ı qəbul edəcək. Komanda qarşılaşmaya ciddi hazırlaşır. Məşqdən əvvəl jurnalistlərin suallarını cavablandıran Səlcuq İnan, son Başakşəhər məğlubiyyətindən dərs çıxardıqlarını bildirib: “Pis qərarla uduzduğumuz üçün üzr istəyirik. Amma bu artıq keçmişdə qaldı. Yeni gün, yeni matçdır. Dünəndən etibarən ‘Qalatasaray’ oyununun hazırlıqlarına başladıq”. 

İnan əlavə edib ki, bu bazar “Kocaelispor” üçün tarixi gün ola bilər: “Bu bazar rekordu qıracağıq, stadionda 40 minə yaxın azarkeş olacaq. Komandamız son vaxtlar yaxşı formadadır və bu atmosferdə qalib gəlmək üçün hər şeyimizi ortaya qoyacağıq. Amma bunun üçün indiyə qədər göstərdiyimiz mübarizədən daha artığını sərgiləməliyik. Futbolçularımız bunun fərqindədir və bütün həftə bu məqsədlə çalışacağıq”. 

Sonda o, şəxsi hədəfinə də toxunub: “Bəli, mənim böyük hədəfim bir gün ‘Qalatasaray’ı çalışdırmaqdır. Amma indi bütün düşüncəm ‘Kocaelispor’un uğuruna yönəlib. Qarşıdakı oyunda qalib gəlmək üçün hər şeyi edəcəyik”. 

https://www.haberler.com/haberler/selcuk-inan-in-buyuk-hedefi-galatasaray-19219246-haberi/

 Mənbə: Haberler

 Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et