Bu gün:

"Daim inkişafda olan cəmiyyətə media da uyğunlaşmalıdır"


Bəzi Z nəslindən olan gənclər artıq xəbərləri televiziyadan və qəzetdən deyil, sosial mediadan izləyirlər. Onlar ənənəvi medianı yavaş, tərəfli və maraqsız hesab etdikləri üçün ona tam güvənmirlər. Bu isə media qurumlarının gənclərlə əlaqəsini zəiflədir. Z nəslinin nümayəndəsi Məleykə Baxşizadə bununla bağlı olan suallarımızı cavablandırıb. 

- Bəzi Z nəsli nümayəndələri ənənəvi mediaya niyə güvənmirlər?

Onlar televiziyada və qəzetlərdə yayımlanan xəbərlərin tərəfli, köhnəlmiş və yavaş olduğunu düşünürlər. Sosial mediada xəbərlər daha tez yayılır və müxtəlif fikirlərə çıxış imkanı olur. Ənənəvi media isə bu azadlığı vermir. Bu da gənclərin həmin mediaya olan etibarını azaldır. Sosial media daha operativ, dinamik və çevikdir. 

- Gənclər üçün xəbərləri sosial mediadan almaq niyə daha cəlbedicidir? 

Sosial mediada xəbərlər qısa, vizual və dərhal paylaşılır. Videolar, şəkillər və qısa mətnlər gənclərin diqqətini cəlb edir. Sosial media həm də qarşılıqlı əlaqə yaradır: gənclər fikirlərini bölüşə, şərh yaza və müzakirə apara bilirlər. Bu interaktivlik ənənəvi mediada yoxdur. 

- Ənənəvi media gənc auditoriyanı yenidən cəlb etmək üçün nəyi dəyişməlidir? 

Ənənəvi media daha interaktiv, operativ və şəffaf olmalıdır. Gənclərin maraqlarına uyğun rəqəmsal formatlar, qısa videolar və sosial şəbəkələrdə paylaşımlar hazırlamalıdır. Həmçinin obyektiv və neytral xəbərlər yayaraq etibarı bərpa etməlidir. Daim inkişafda olan bu cəmiyyətə media da uyğunlaşmalıdır.

Elnarə İslamova

Paylaş
Şərh əlavə et