"La Liqa"nın son turunda "Elche" üzərində 3:1 hesablı qələbə qazanan "Barcelona"da baş məşqçi Hansi Flick qol vuran Marcus Rashfordun hələ də hücumda daha səmərəli ola biləcəyini bildirib.
İngiltərəli hücumçu kəskin bucaqdan vurduğu qolla hesabı tamamlayaraq komandasının xalını 25-ə çatdırıb. "Barcelona" hazırda turnir cədvəlində ikinci yerdədir və lider "Real Madrid"dən 5 xal geri qalır. İyul ayında "Manchester United"dən icarə əsasında katalon klubuna qoşulan Rashford bu mövsüm ümumilikdə 6 qol vurub.
"Onun əldə etdiyi imkanlara baxdıqda 1-2 qol da vursa, özü üçün də yaxşı olar," – deyə Flick mətbuat konfransında bildirib. "Onun bu səviyyədə oynaya bildiyini bilirəm və bunu göstərməsi mənə, azarkeşlərə və komanda üçün vacibdir".
Rashford isə qərarvermə qabiliyyətinin hələ də inkişaf etdirilməli olduğunu etiraf edib: "Sadəcə meydanda doğru qərar verməyə çalışıram. Bu gün daha çox qol və ya assist edə bilərdim, bəzən ötürmə və ya zərbə qərarı səhv idi," – deyə o, İspaniya mediasına bildirib.
"Amma bu kimi günlər olacaq. Əsas olan komandanın qələbəsidir. Mənim diqqətim statistika deyil. Doğru işləri görsəm, qol və assist gələcək. Əsas məqsəd komanda ilə uyğunlaşmaq və özümü rahat hiss etməkdir".
"Barcelona" Çempionlar Liqasında növbəti matçını çərşənbə günü "Brügge"yə qarşı keçirəcək ardınca bazar günü "Celta Vigo" ilə qarşılaşacaq.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
