Çində fəaliyyət göstərən "Safmax" şirkəti yüksək temperatura və çətin mühit şəraitinə dözümlü yeni nəsil parça növlərini təqdim edib. Lianyungang şəhərində keçirilən İkinci İctimai Təhlükəsizlik Texnologiyaları Sərgisində nümayiş olunan bu parça növləri su və külək keçirməməsi, eyni zamanda nəfəs alma xüsusiyyəti ilə fərqlənib. Yeniliyin məqsədi yanğınla mübarizə və təhlükəsizlik sahəsində daha dayanıqlı qoruyucu geyimlər yaratmaqdır.

Şirkətin istehsal etdiyi istiliyə qarşı davamlı material təxminən 1.200°C temperaturda belə formasını dəyişmədən strukturunu qoruyur. Safmax tərəfindən təqdim edilən nano-membran texnologiyası parçaya həm yüngüllük, həm də yüksək dayanıqlılıq qazandırır. Texnologiya xüsusilə yanğınla mübarizə və sənaye təhlükəsizliyi üçün yeni imkanlar yaradır.
Safmax nümayəndələri bu materialı “yanğınla mübarizədə ən təsirli və praktik həll” kimi dəyərləndirir. Sərgidə təqdim olunan innovativ texnologiyalar əməliyyat səmərəliliyini və personalın təhlükəsizliyini artırmağı hədəfləyir. Yeni parça növü gələcəkdə qoruyucu avadanlıqların texnoloji inkişafına mühüm töhfə verəcək.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
