Bu gün:

Dövlət Duması tərəfindən hər il neçə heyvanın sahibsiz qaldığı açıqlanılıb


Hər il Rusiyada təxminən 100 min ev heyvanı küçəyə atılır. Bu məlumatı Dövlət Dumasının Ekologiya və Ətraf Mühitin Mühafizəsi Komitəsi sədrinin birinci müavini Vladimir Burmatov TASS-a verdiyi müsahibəsində açıqlayıb.

Deputat bildirib ki, problem mövsümi xarakter daşıyır. Heyvanların böyük əksəriyyəti bağ mövsümü bitdikdən sonra küçəyə atılır. Onun sözlərinə görə, bu, olduqca amansız və məsuliyyətsiz davranışdır. Bir çox insanlar ev heyvanlarını aldıqları vaxtdan cəmi yarım il sonra, adətən uşaqlar onların qayğısına qalmaqdan bezdikdə, onlardan imtina edirlər.

Burmatov əlavə edib ki, heyvanları baxımsız qoymağa görə 30 min rubla qədər cərimə nəzərdə tutulur. Lakin bu tədbirlərin real nəticə verməsi üçün ev heyvanlarının məcburi qeydiyyat sistemi tətbiq olunmalıdır. Hazırda belə sistem yalnız Rusiyanın 20 regionunda fəaliyyət göstərir. Deputat sual edib ki, bu tələblər niyə hələ də bütün ölkədə tətbiq olunmur.

Bununla yanaşı, qırmızıqulaq tısbağa sahiblərinin nisbətən daha şüurlu davrandığı qeyd olunur. Onlar heyvanlarını küçəyə atmaq əvəzinə zooparklara təhvil verməyə başlayıblar. İnsanlar çox zaman bu növün böyüdükdə nə qədər iri olacağını nəzərə almır və heyvan böyüyəndən sonra səhvlərini anlayırlar.

Mənbə: life.ru
Tərcümə etdi: Aysel Mehtizadə


Paylaş
Şərh əlavə et