17 il əvvəl Bolqarıstanda yoxa çıxan və 12 ildir "ölü" hesab edilən bir kişi ölkənin cənub-qərbindəki Pirin dağlarında tapılıb.

1983-cü ildən UNESCO-nun Dünya İrsi Siyahısında olan Pirin Milli Parkında aparılan yoxlama zamanı səlahiyyətlilər icazəsiz düşərgə quran bir kişi aşkar ediblər. Şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edən kişi polisin diqqətini çəkib.
Şəxsiyyəti yoxlanıldığında həqiqət üzə çıxıb
Milli Park rəsmiləri onun şəxsiyyətini müəyyən etməyə çalışanda kişi aqressivləşib. Daha sonra polis çağırılıb və o, Bansko Rayon Polis İdarəsinə aparılıb. Polis araşdırması zamanı məlum olub ki, bu şəxs 2008-ci ildən bəri həm milli, həm də beynəlxalq axtarışda olub və 2013-cü ildə məhkəmə qərarı ilə ölü elan edilib.
Dağda rekulimasıya həyatı yaşayıb
Pirin Milli Parkının direktoru Rosen Banenski bildirib ki, həmin şəxs Ruse şəhərindəndir: “Görünür, o, illərdir dağlarda tam təcrid olunmuş şəkildə yaşayıb. Rəsmilərimizin diqqətli işi nəticəsində şəxsiyyəti müəyyən edilib”.
Hakimiyyət orqanları onun necə sağ qaldığı barədə məlumat verməyib, lakin yerli sakinlər illərdir dağlarda tək yaşayan sirli bir qərib barədə danışdıqlarını bildiriblər.
Yaşamaq mümkün olmayan ərazi
Bolqarıstanın Yunanıstan və Şimali Makedoniya ilə sərhədində yerləşən Pirin dağları 2914 metr hündürlüyə çatan ölkənin ikinci ən yüksək dağ silsiləsidir. Təxminən 40 min hektar ərazini əhatə edən Pirin Milli Parkı buzlaq gölləri, şəlalələri və sıx iynəyarpaqlı meşələri ilə tanınır. Ayı, canavar, maral və qartal kimi vəhşi heyvanların yaşadığı bu bölgədə uzunmüddətli sağ qalmaq demək olar ki, mümkünsüz sayılır.
12 ildən sonra dosye yenidən açıldı
Hakimiyyət orqanları kişinin kimliyini müəyyən etdikdən sonra prokurorluq araşdırmasına başlayıb.
17 il itkin düşən bu kişinin necə sağ qaldığı, harada sığınacaq tapdığı və niyə bu qədər il dağlarda gizləndiyi indi Bolqarıstanda böyük maraq doğurur.
https://share.google/HlWtBNE9WNmoTDjdP
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
